İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovanın ikibaşlı Qarabağ açıqlaması - Şərh

387 28.07.2026 13:52 Siyasət A A

Məlum olduğu kimi Moskvanın Qarabağla bağlı növbəti açıqlaması Bakının sərt etirazına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mümkün rolu ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən "reallığın təhrif olunması" kimi qiymətləndirilib.

Rəsmi Bakı bəyan edib ki, Qarabağ hər zaman beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb və ölkə öz suverenliyini beynəlxalq hüquqa uyğun şəkildə bərpa etməklə münaqişəyə son qoyub.

Bəs Zaxarovanın bu açıqlamasının məqsədi nədir? Moskva niyə Qarabağ mövzusunu yenidən gündəmə gətirir? Bu cür bəyanatlar Azərbaycan-Rusiya münasibətlərinə və regiondakı geosiyasi proseslərə necə təsir göstərə bilər?

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz” | Modern.az

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

Onun sözlərinə görə, Rusiya rəsmilərinin Qarabağla bağlı ikili mövqeyi yeni deyil və bu cür açıqlamalar uzun illərdir davam edir: “Rusiya rəsmiləri ilk dəfə deyil ki, Qarabağla bağlı ikibaşlı açıqlamalar verirlər. Bir tərəfdən guya Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirirlər, digər tərəfdən isə Qarabağla bağlı açıqlamalarında bu ərazinin guya mübahisəli olduğunu, Ermənistanın isə bunu ilk tanıyan tərəf olduğunu iddia edirlər. Rusiya Prezidenti Vladimir Putin də bu fikirləri vaxtaşırı səsləndirir.

Belə çıxır, onların məntiqinə görə, əgər Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazisi kimi tanımasaydı, Rusiya da Qarabağı Azərbaycan ərazisi kimi tanımayacaq, onu mübahisəli ərazi hesab edəcək və rus hərbçilərini bölgədən çıxarmayacaqdı. Yəni Rusiya rəsmiləri demək istəyirlər ki, guya onların siyasətini Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla pozub".

Politoloq qeyd edib ki, bu “mövqe” Azərbaycanda böyük narazılıq doğurur və Azərbaycan öz narazılığını dəfələrlə ifadə edib: “Ancaq Rusiya rəsmilərinin mövqeyində heç bir dəyişiklik yoxdur. Əksinə, onlar Azərbaycan əleyhinə açıqlamalarını davam etdirirlər. Bu günlərdə Rusiyanın hakim partiyasını təmsil edən deputatlardan biri hətta Azərbaycana hədə dolu mesaj ünvanladı. O, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinə istinad edərək bildirdi ki, Azərbaycan niyə Avropa ilə bu qədər yaxınlaşır və guya Azərbaycan Ukrayna ilə Ermənistanın səhvlərindən nəticə çıxarmalıdır.

Bəs nəticə çıxarmasa nə olacaq? Azərbaycana təzyiq göstərməyə çalışacaqlar? Biz kimdənsə qorxan dövlət deyilik. Azərbaycanın müstəqil xarici siyasəti var. Biz bütün qonşu dövlətlərlə, o cümlədən Rusiya və İranla normal münasibətlər qurmaq istəyirik. Çox təəssüf ki, hər iki ölkədə mövcud olan şovinist və mühafizəkar dairələr Azərbaycan əleyhinə bu cür açıqlamalardan əl çəkmirlər. Üstəlik, bu bəyanatlar artıq rəsmi şəxslər tərəfindən səsləndiriləndə, ikitərəfli münasibətlərə də mənfi təsir göstərir. Bu, Azərbaycanın seçimi deyil. Lakin onlar bu cür seçim edirlərsə, təbii ki, Azərbaycandan da buna uyğun cavab alacaqlar".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR