ABŞ Prezidenti Donald Trampın İtaliyanın La7 televiziya kanalına verdiyi müsahibədə ölkənin baş naziri Corciya Meloni haqqında səsləndirdiyi fikirlər iki müttəfiq ölkə arasında gözlənilməz diplomatik qalmaqala səbəb olub.
Musavat.com xəbər verir ki, Tramp G7 sammiti çərçivəsində Meloninin onunla şəkil çəkdirmək üçün israr etdiyini iddia edib.
La7 telekanalının efirə verdiyi müsahibədə Tramp bildirib ki, Corciya Meloni onunla şəkil çəkdirmək istəyib, "yalvarıb" və o, buna yalnız “yazığı gəldiyi üçün” razılaşıb. Bu açıqlama İtaliya siyasi dairələrində və mətbuatında böyük rezonans doğurub.

Məsələ qısa müddətdə İtaliyanın aparıcı media qurumlarının əsas mövzusuna çevrilib. Britaniyanın “The Guardian” qəzeti hadisəni “Italy PM Meloni ‘stunned’ by Trump’s claims she begged him for a photo” (“İtaliya baş naziri Meloni Trampın onun şəkil üçün yalvardığı barədə iddiasından sarsıldı”) başlığı ilə təqdim edib. Reuters agentliyi isə materialını “Meloni says Trump totally invented story that she begged him for photo” (“Meloni: Tramp mənim şəkil üçün yalvardığım barədə hekayəni tamamilə uydurub”) başlığı altında yayıb. İspaniyanın “El Pais” qəzeti isə hadisəni “Trump abre una nueva crisis con Meloni” (“Tramp Meloni ilə yeni böhran açdı”) kimi təqdim edib.
Corciya Meloni isə Trampın sözlərinə dərhal və sərt reaksiya verib. O, yayımladığı videomüraciətdə ABŞ prezidentinin dediklərini “tamamilə uydurma” adlandırıb və bildirib ki, nə özü, nə də İtaliya heç vaxt heç kimə yalvarmayıb.
“Bu hekayə tamamilə uydurmadır. Mən Trampın müttəfiqləri haqqında bu cür danışmasına təəccüblənirəm. Nə mən, nə də İtaliya heç vaxt yalvarmır”, - Meloni bəyan edib.
Qalmaqalın daha da böyüməsinə səbəb olan hadisə isə İtaliyanın xarici işlər naziri Antonio Tayaninin qərarı olub. Nazir Trampın sözlərini “ciddi və təhqiramiz” adlandıraraq, iyunun 21-22-də ABŞ-a planlaşdırılmış səfərini ləğv etdiyini açıqlayıb. Tayani bildirib ki, bu ifadələr təkcə baş naziri deyil, bütün İtaliya xalqını təhqir edir.
İtaliya mediasının yazdığına görə, hökumət və müxalifət nümayəndələri nadir hallarda rast gəlinən birlik nümayiş etdirərək Meloniyə dəstək veriblər. Hətta prezident Sergio Mattarellanın da baş nazirə həmrəylik nümayiş etdirdiyi bildirilir.
Maraqlıdır ki, bu qalmaqal cəmi bir neçə gün əvvəl G7 sammitində Tramp və Meloni arasında münasibətlərin normallaşdığı barədə xəbərlərin yayıldığı vaxt baş verib. Avropa mediası sammit zamanı iki liderin bir neçə dəfə görüşdüyünü, hətta aralarındakı əvvəlki narazılıqların aradan qalxdığını yazırdı.

Analitiklərin fikrincə, qalmaqalın kökündə yalnız bir foto məsələsi dayanmır. Son aylarda Vaşinqton və Roma arasında İran məsələsi, NATO daxilindəki bəzi yanaşmalar və digər beynəlxalq mövzularda fikir ayrılıqları müşahidə olunurdu. Trampın son açıqlaması isə bu gərginliyi açıq diplomatik böhran səviyyəsinə çıxarıb.
Beləliklə, bir zamanlar Trampın Avropadakı ən yaxın siyasi tərəfdaşlarından biri hesab olunan Corciya Meloni ilə ABŞ prezidentinin münasibətlərində yeni və daha sərt mərhələ başlayıb. Hazırda həm İtaliya, həm də beynəlxalq media bu qalmaqalın Vaşinqton-Roma münasibətlərinə və ümumilikdə ABŞ-Avropa əlaqələrinə mümkün təsirlərini müzakirə edir.
Musavat.com






