İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putinə borcunu qaytarır-Dünya ABŞ-Rusiya birliyini izləyir...

676 12.12.2025 14:00 Dünya A A

"Ukrayna 20%-dən artıq ərazisini itirəcək. ABŞ 1994-cü ildə Ukraynanı Budapeşt memorandumunu imzalamağa məcbur etdiyi kimi, indi də kapitulyasiyaya məcbur edir. ABŞ prezidenti Putinə pərəstiş edir, çünki Avropa liderləri demokratların qalib gəlməsini istəyirdisə, Putinin rəğbəti Trampa idi. Tramp borcunu qaytarmaq istəyir. Həm də ABŞ Rusiyanın müharibədən məğlub olaraq çıxmasını istəmir".

Bu fikirləri Ədalət, Hüquq və Demokratiya partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev partiyanın mətbuatına verdiyi açıqlamada səsləndirib. Onun irəli sürdüyü digər fikirlər də xüsusi diqqət çəkir.

ƏHD rəhbərinin fikrincə, ABŞ güclü Rusiya vasitəsilə Avropanı sözəbaxan edir və qorxu altında saxlayır: " Avropa ABŞ üçün yüksək alıcılıq qabiliyyəti olan zəngin bazardır. ABŞ-yə həm də böyük Rusiya bazarı və onun təbii sərvətləri lazımdır. Rusiya məğlub olsa, parçalana bilər və Uraldan Şərqə Rusiya əraziləri bütünlüklə Çinin nəzarətinə keçər. Ona görə ABŞ-də düşünürlər ki, Rusiya müharibədən qalib ayrılmalı və ABŞ ilə yaxınlaşmalıdır. Yalnız bu halda ABŞ Çinlə rəqabət apara bilər".

Göründüyü kimi, indiki mərhələdə Q.Həsənquliyev dolayısı ilə ABŞ-Rusiya yaxınlaşmasından söz açır. Bunun isə, dünya üçün hansı fəlakətlərə səbəb olacağını indidən proqnozlaşdırmaq elə də çətin deyil. Faktiki, dünya bir qütblü ola bilər.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov deputatın fikirləri ilə razıdır. O, Musavat.com-a açıqlamasında təxminlərini bölüşdü:

"Qüdrət Həsənquliyevin  fikirlərinin həqiqət olduğu düşüncəsindəyəm. Doğrudan da Rusiyanın məğlub durumda bu müharibədən çıxması ABŞ prezidenti Trampın planlarına daxil deyil. Onun yenidən prezident kürsüsünə qayıtmasından sonra Birləşmiş Ştatların xarici və daxili siyasətində uzun müddət möhkəmlənmiş siyasəti dəyişdi. Ağ Evin hazırkı sahibi diplomatik etiket qaydalarına və yumşaq gücə deyil, ticari, iqtisadi və hərbi vasitələrə əsaslandı. Onun Qərbli müttəfiqlərinə ənənəvi olan münasibəti də ciddi şəkildə  dəyişməkdədir. Tramp Ukrayna-Rusiya müharibəsinə və onun həllinə də məhz ticari, iqtisadi maraqlar prizmasından yanaşır. ABŞ üçün Ukraynanın ərazi bütövlüyü və gələcəyi, eləcə də Qərbin istəkləri, mənafeləri önəm daşımır. Trampın burda özəl maraqları da var. Nəzərə alsaq ki, o, biznesmendir və böyük biznes imperiyasına malikdir, prezidentlik də əbədi deyil. Növbəti seçkilərdə öz postunu saxlaya biləcəyi hələ sual altındadır. Rusiya isə zəngin resurslarına və böyük bazara görə cəlbedici ölkədir. Tramp fikirləşir ki, belə bir potensial nədən Çinə yaxud kollektiv Qərbə verilsin. Ukraynadan istədiklərini bütünlükdə zatən aldı. Mineral torpaqlara rəqabətsiz və güzəştli istismar hüququ qazandı. Digər sahələrdə də demək olar ki, nəzarətə tam sahib ola bildi. İndi belə bir güzəşt və imtiyazları Moskvadan əldə etmək üçün Ukrayna qurban verilməlidir. Ehtimallarıma görə, Trampın Donbassı bütünlükdə Rusiyaya verilməsi tələbinin arxasında yenə də həmin bölgələrin gələcəkdə birgə işlədilməsi ilə bağlı əlverişli sövdələşmələr dayanır. Tramp Qərbin indi düşdüyü çətin durumdan istifadə edərək, Qərbi Putinlə qorxudub müti vəziyyətə salmağa nail olmaq istəyir. Bu istəyinə də qismən çatıb. Uzun illər təhlükəsizliyini və müdafiəsini Birləşmiş Ştatlara bağlayan Qərb indi ayılmaqda, tədbirlər görməkdədir. Qərbin özünün ləngliyi və arxayınlığı nəticə etibarı ilə özünü iki imperialist gücün-ABŞ və Rusiyanın məngənəsinə salıb. Müxtəlif manevrlərlə vaxt udub müdafiə qabiliyyətini möhkəmləndirməyə çalışır.  Ancaq zənn etmirəm ki, Trampın bütün planları həyata keçsin. ABŞ-ın Qərbə qarşı mövqeyinin pisləşməsi bu dövləti super güc statusundan sala bilər. Qərbin də potensialını və imkanlarını xəfifə almaq olmaz. Yaxın 2-3 il ərzində Almaniyanın ən güclü hərb maşınının çevriləcəyi düşüncəsindəyəm. Köhnə rəqiblər uzun müddətli dost ola bilmədikləri kimi Rusiya ABŞ dostluğu da baş tutan deyil".

Cavanşir ABBASLI

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR