İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin çıxılmaz vəziyyətə düşüb? – "Dronlar Rusiyanın taleyini dəyişir"

387 18.07.2026 18:25 Siyasət A A

Rusiya-Ukrayna müharibəsində pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi getdikcə daha geniş miqyas alır. Son gecə Ukraynanın Rusiyanın müxtəlif bölgələrinə təşkil etdiyi PUA hücumları ciddi insan tələfatı və dağıntılarla nəticələnib. Xüsusilə Tambov vilayətində yerləşən logistika mərkəzinə endirilən zərbə nəticəsində çoxsaylı ölən və yaralananların olması, eyni zamanda Moskva vilayətindəki hücumlar müharibənin coğrafiyasının daha da genişləndiyini göstərir.

Moskva vilayəti də daxil olmaqla müxtəlif bölgələrə endirilən zərbələr Kremlin hərbi və siyasi qərarlarına necə təsir edə bilər? Müharibənin hazırkı mərhələsində PUA-lar ənənəvi silahlardan daha həlledici faktora çevrilirmi? Son hadisələr fonunda tərəflər arasında danışıqlar ehtimalı daha da zəifləyir, yoxsa bu cür hücumlar yeni diplomatik təşəbbüslərə səbəb ola bilər?

Musavat.com-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, Ukraynanın qeyri-ənənəvi silah hesab edilən pilotsuz uçuş aparatları (PUA) ilə əldə etdiyi hərbi üstünlükdən sonra Vladimir Putinin yerində olan istənilən lider münaqişəni minimum itki ilə başa çatdırmaq və sülh danışıqlarına başlamaq yolunu seçərdi.

Onun fikrincə, döyüş meydanında dəyişən reallıqlar və müasir müharibə texnologiyalarının yaratdığı yeni vəziyyət Rusiyanı da əvvəlki strategiyasına yenidən baxmağa məcbur edə bilər:

“Çünki müharibələr tarixi sübut edir ki, düşmənin təcrübədən çıxarmadığı yeni silahlarla savaşan qüvvələr mütləq qələbə qazanırlar. Ruslar da bu zamana qədər dronlarla savaşmamışlar və Ukraynanın yeni tipli silahlarının qarşısını kəsəcək təcrübəyə malik deyillər. Rus ordusu bu təcrübəni yalnız böyük can itkiləri verməklə öyrənə bilərlər. Bu isə nəticə etibarilə Moskvanı ya ağır məğlubiyyətə, ya da heç vaxt özünə gələ bilməyəcəyi Pirr qələbəsinə doğru sürükləyir.

Bununla belə, rusların insanlıq tarixindən dərs çıxarıb daha az məğlubiyyətlə savaşdan ayrılacağına inanmaq olmur. Ruslar üçün bu savaşdan böyük itki ilə kiçik qələbə qazanmaq variant daha məqbuldur. Putinin də bütün gücünü bu istimaqətə yönəldəcəyi gözlənilir. Və lazım gələrsə, müharibəni son nəfəsinə qədər davam etdirəcək, kiçik bir qazancla müharibədən çəkilməyə çalışacaq. Görünür, bu səbəbdən də “Donbassı mənə verin, savaşı dayandırım” məntiqi ilə danışıqlara hazır olduğu siqnalları verir".

Siyasi şərhçi qeyd edib ki, özünü Stalinin davamçısı kimi görən və ona oxşamağa çalışan Putinin bu xəyallara düşməsi isə təsadüfi deyil:

"Məlumdur ki, II Dünya müharibəsi illərində Stalin xor gördüyü Finlandiyaya hücum etmiş və əslində ağır itkilərlə üzləşmişdi. 4 aya yaxın davam edən bu savaşda ruslarla finlərin itkiləri müqayisəolunmaz qədər fərqli idi. Məlumata görə, Fin savaşında ruslar 126.875 əsgər itirmiş, 188.671 əsgər yaralanmışdısa, finlərin itkiləri xeyli az idi: 26 minə qədər ölü, 43 min 500 yaralı. Buna baxmayaraq, qarşıdan yaz gəldiyini düşünən finlər çətin vəziyyətə düşməmələri üçün rusların haqq etmədiyi tələbləri qəbul edib Ladoqa gölünü və bir neçə strateji əhəmiyyətli əraziləri güzəştə getmək məcburiyyətində qalmışlar. Dolayısıyla ruslar əslində uduzduqları bir savaşdan belə önəmli qənimət qoparmışlar. Bununla belə, Fin savaşında rusların nə qədər zəif olduqlarının ortaya çıxması Hitlerin Rusiya üzərinə hücumuna da zəmin hazırlamış və 5 il davam edən bu müharibə nəticəsində 27 milyondan çox insanını itirmişdi. Amma II Dünya müharibəsi, xüsusilə də 4 aylıq Fin savaşı rusları “ucuz qələbəyə” alışdırmışdı. Fin savaşı göstərmişdi ki, rusların qələbə çalmasına ehtiyac yoxdur, onlar nə qədər çox itki versələr, bir o qədər çox torpaq qazana bilərlər. Bir növ rus imperialistləri haqq etmədikləri savaşda can bahasına qələbə qazanmağın yolunu öyrənmişlər. Hazırda Ukraynada böyük itkilər hesabına ayaqda dayanmağa çalışan Rusiya yenə də ucuz qələbə arzusundadır və heçə saydığı gənclərini qurban verərək Putinə arxasında gizlənə biləcəyi uğurlar qazandıra biləcəyinə inanır”.

Heydər Oğuz isə Rusiyanın bu səfər ucuz qələbə qazana biləcəyini düşünmür. Onun fikrincə, Birinci və İkinci Dünya savaşlarında Avropa ölkələri faktiki iki yerə bölünmüşdü:

“Hər iki tərəf Rusiya kimi yaxşı qurbanlar verməyi bacaran bir ölkəni öz yanlarında görmək istəyirdi. Və hər iki tərəfin də əsas hədəfi Osmanlıdan qalma torpaqlar üzərində hegemoniya qurmaq, həmin ərazilərin təbii sərvətlərinə yiyələnmək idi. İndi isə vəziyyət dəyişilib. İmperialist qüvvələrin masasına yatırılan qurban Rusiyadır və hər kəs ondan aslan payı qoparmaq istəyir. Rusiya hətta bu can bazarlığından az itki ilə qurtulsa belə, özünü qoruya bilməyəcək və müxtəlif güc mərkəzləri arasında bölüşdürüləcək. Bu mənada Rusiya ilə gerçək danışıqlar aparmaq istəyən də yoxdur. Hətta Rusiyanın ən yaxın müttəfiqi sayılan Çin belə, Ukrayna savaşının onun xeyrinə bitməsini arzulamır. Pekin yaxşı başa düşür ki, Rusiya-Ukrayna savaşı bitən kimi növbə ona çatacaq. Ona görə də bu savaşın uzanmasını istəyir. Və ümid edir ki, savaş sonrasında parçalanacaq Rusiyadan ona da yaxşı bir pay çatacaq”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR