İsraildə həbsxanaların mühafizə sistemində yırtıcı heyvanlardan istifadə edilməsi ilə bağlı qalmaqallı layihə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Avstriyanın "Heute" nəşrinin yaydığı məlumata görə, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həbsxanalarda qaçışların qarşısını almaq və təbii maneə yaratmaq üçün Nil timsahlarından istifadə olunmasını təklif edib.
Bu məqsədlə sürünənlərin rəsmi statusu xüsusi olaraq dəyişdirilib və onların zooparklardan kənarda saxlanılmasına icazə verilib. Lakin nazirin bu qərarı ölkədə ciddi etiraz dalğasına səbəb olub. Heyvan hüquqları müdafiəçiləri bu addıma kəskin reaksiya verərək bildiriblər ki, timsahlar xüsusi baxım tələb edir və onlardan "canlı siqnalizasiya" kimi istifadə edilə bilməz.
Eyni zamanda, İsrailin Təbiəti Mühafizə İdarəsi də layihəyə rəsmən etiraz edib; idarə rəsmiləri yırtıcıların həbsxana ərazisindən qaçma riskinin çox yüksək olduğunu və keçmişdə baş vermiş analoji qaçış hadisələrinin ölümcül nəticələrlə yekunlaşdığını xatırladaraq xəbərdarlıq ediblər.
Musavat.com






