İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankaradan Kremlə sərt "Krım mesajı" verildi: Türkiyə ilə Rusiya arasında "iqtisadi savaş" başlayır

787 18.07.2026 17:32 Analitika A A

Ukrayna savaşının uzanması həm regional iqtisadiyyata, həm enerji marşrutlarına, həm də beynəlxalq ticarətə ciddi zərbələr vurur... Məhz ona görə də, Türkiyə sülh prosesinin yenidən aktiv fazaya keçməsində birbaşa maraqlıdır və bu istiqamətdə prinsipial addımlar atır...

Rusiya-Ukrayna müharibəsində silahlı münaqişə tərəflərinin savaş poliqonunda həlledici hərbi üstünlük qazanmaq imkanları ciddi şəkildə məhdudlaşmağa başlayıb. Belə vəziyyət isə istər-istəməz siyasi-diplomatik kanalların yenidən aktuallaşmasına səbəb olur. Və son vaxtlar Kiyevdən və Ankaradan verilən açıqlamalar da onu göstərir ki, Ukrayna savaşının dayandırılması istiqamətində yeni təşəbbüslərin gündəmə gətirilə biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyev Ukraynanın atəşkəsə hazır olduğunu artıq bəyan edir. Eyni zamanda, həm Rusiya, həm də Ukrayna ilə siyasi-dipıomatik kanalları daha işlək olan Türkiyə isə növbəti dəfə mümkün sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu nümayiş etdirir. Və bütün bunlar bir tərəfdən rəsmi Ankaranın beynəlxalq vasitəçilik missiyasını daha da gücləndirsə də, digər tərəfdən isə Türkiyənin Rusiya ilə münasibətlərdə müəyyən gərginlik faktorları da yaradır.

Maraqlıdır ki, Ukrayna XİN-dən bəyan edilib ki, rəsmi Kiyev müharibənin dayandırılması üçün real və praktik təkliflər hazırlayıb. Rəsmi Kiyev Ukraynanın atəşkəsə hazır olduğunu və münaqişənin siyasi-diplomatik yollarla həllini dəstəklədiyini vurğulayıb. Ən önəmli məqamlardan biri isə odur ki, rəsmi Kiyev prezident Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin arasında birbaşa görüşün məhz Türkiyədə keçirilməsinin sülh prosesinə ciddi impuls verə biləcəyinə əmindir. Ehtimallara görə, belə bir görüşün əsas nəticələrindən biri isə məhz atəşkəs barədə razılığın əldə edilməsi ola bilər.

3550d2ab-6876-4335-a128-55a308c5d241.jpg (253 KB)

Türkiyənin indiyədək həm Rusiya, həm də Ukrayna ilə siyasi-dipıomatik dialoqu qoruyub, saxlaya bilən azsaylı dövlətlərdən biri olduğunu nəzərə aldıqda, rəsmi Kiyevin bu mövqeyi qətiyyən təsadüfi görünmür. Belə ki, bundan əvvəl İstanbulda keçirilmiş danışıqların məlum nəticələri, "taxıl dəhlizi" sazişinin əldə olunmasında rəsmi Ankaranın əvəzolunmaz rolu hələ unudulmayıb. Və rəsmi Ankaranın münaqişə tərəfləri ilə birbaşa əlaqələrinin davam etməsi də Türkiyəni mümkün danışıqlar üçün ən real sülh platformalarından birinə çevirir.

Məsələ ondadır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Kiyevdə səsləndirdiyi fikirlər də əslində, rəsmi Ankaranın strateji baxışını nümayiş etdirir. O, bildirib ki, Krım məsələsi Türkiyə üçün həm xarici siyasət, həm də daxili siyasət baxımından, həyati əhəmiyyət daşıyır. Bunun əsas səbəbləri isə Krım tatarlarının taleyi, onların hüquqlarının qorunması və Türkiyə cəmiyyətində bu məsələyə olan həssas münasibət ilə birbaşa bağlıdır.

Digər tərəfdən, xarici işlər naziri Hakan Fidan onu da qeyd edib ki, Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanmasından sonra Qara dəniz hövzəsində təhlükəsizlik vəziyyəti ciddi şəkildə pisləşib və son hadisələr eskalasiya risklərini daha da artırır. Onun sözlərinə görə, Qara dənizdə sabitliyin qorunması Türkiyə üçün milli təhlükəsizlik məsələsidir. Çünki regionda yaranacaq yeni silahlı qarşıdurmalar yalnız Ukrayna və Rusiyanı deyil, bütün Qara dəniz hövzəsini, eləcə də Avropa və Yaxın Şərqi əhatə edən daha genişmiqyaslı təhlükəsizlik böhranına səbəb ola bilər.

Belə anlaşılır ki, rəsmi Ankaranın Ukrayna ilə bağlı prinsipial mövqeyi dəyişməyib. Üstəlik, Türkiyə Krım tatarlarının hüquqlarının bərpası istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir. Ancaq Türkiyənin Ukraynaya verdiyi siyasi dəstək və iki ölkə arasında inkişaf edən strateji əməkdaşlıq Rusiya siyasi dairələrində onsuz da mövcud olan narahatlığı daha da artırır.

70982e33-7c0c-495e-a4ff-16ce7830308b.jpg (160 KB)

Məsələ ondadır ki, Kreml son dövrlərdə rəsmi Ankaranın Ukrayna ilə münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsini çox diqqətlə izləyir. Xüsusilə də, iki ölkə arasında müdafiə sənayesi, PUA-lar, təhlükəsizlik və Qara dəniz üzrə əməkdaşlığın genişlənməsi Kreml tərəfindən Rusiyanin geopolitik maraqlarına ciddi təhlükə kimi qiymətləndirilir. Bu baxımdan, Rusiyanın Türkiyəyə qarşı iqtisadi təzyiq vasitələrindən istifadə etməyə çalışması da qətiyyən diqqətdən yayınmır.

Belə ki, son vaxtlar Rusiya Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalına müxtəlif məhdudiyyətlər tətbiq etməyə başlayıb. Buna paralel olaraq, iki ölkə arasında ticarət dövriyyəsinin də bəzi digər önəmli istiqamətlər üzrə azaldığı müşahidə olunur. Və əksər siyasi müşahidəçilər bunun rəsmi Ankaraya qarşı Rusiyanın təzyiq göstərmək cəhdləri olduğunu düşünürlər.

Digər tərəfdən, Kreml Türkiyənin Qara dənizdə mülki gəmilərə qarşı hücumlar məsələsinə münasibətdə Ukraynaya daha sərt təzyiq göstərməsini də istəyir. Ancaq rəsmi Ankara isə öz davranışlarında ilk növbədə beynəlxalq hüquq normalarını və balans siyasətini əsas götürür. Yəni, Türkiyə münaqişə tərəflərindən heç birinin mövqeyini tam müdafiə etmədən, siyasi-diplomatik vasitəçilik xəttini mümkün olduqca, qorumağa çalışır.

Onu da nəzərə almaq lazımdır ki, əslində, rəsmi Ankara son illərdə Türkiyə üçün daha effektiv olan çoxvektorlu xarici siyasət modelini formalaşdırmağa artıq nail olub. Belə ki, Türkiyə həm NATO-nun avanqard üzvü olaraq, ABŞ və Qərblə strateji münasibətlərini qoruyub, saxlayır.  Digər tərəfdən, həm də Rusiya ilə enerji, ticarət, turizm və regional təhlükəsizlik sahələrində əməkdaşlığı davam etdirir. Və məhz bu balans Türkiyəyə vasitəçi statusu qazandıran önəmli faktor hesab olunur.

8246fafb-0fcd-460b-8953-2053b165e692.jpg (294 KB)

Əslində, geopolitik baxımdan, hazırda Türkiyə üçün əsas hədəf Qara dənizin hərbi qarşıdurma məkanına çevrilməsinin qarşısını almaq, regionda sabitliyi qorumaq və öz geostrateji nüfuzunu artırmaqdır. Rəsmi Ankara hesab edir ki, Ukrayna müharibəsinin uzanması həm regional iqtisadiyyata, həm enerji marşrutlarına, həm də beynəlxalq ticarətə ciddi zərbələr vurur. Və ona görə də, Türkiyə sülh prosesinin yenidən aktiv fazaya keçməsində birbaşa maraqlıdır.

Bütün bunlar onu göstərir ki, rəsmi Ankara artıq Türkiyənin yalnız regional güc deyil, həm də qlobal siyasi-diplomatik məkanın əsas oyunçularından birinə çevrilməsi istiqamətində ardıcıl və prinsipial siyasət yürüdür. Bu baxımdan, əgər, Zelenski-Putin görüşünün Türkiyədə keçirilməsi mümkün olarsa, bu, rəsmi Ankaranın qlobal səviyyədə siyasi-diplomatik uğurlarının sırasına yazıla bilər. Ancaq bu prosesin həm də Türkiyə və Rusiya arasındakı münasibətlərin gələcək taleyini müəyyənləşdirə biləcəyi də qətiyyən istisna deyil.

Məsələ ondadır ki, əgər, rəsmi Ankara Ukrayna ilə strateji əməkdaşlığı daha da genişləndirərsə və sülh prosesində əsas vasitəçi rolunu da qoruyarsa, onda Kreml Türkiyəyə qarşı iqtisadi və siyasi təzyiq mexanizmlərini gücləndirməyə çalışa bilər. Əksinə, Türkiyənin vasitəçiliyi real nəticə verərsə və atəşkəs əldə olunarsa, bu halda, rəsmi Ankara həm regionun təhlükəsizlik arxitekturasında, həm də qlobal siyasi-diplomatik sistemdə öz mövqeyini daha da möhkəmləndirmiş olacaq.

Göründüyü kimi, Türkiyə artıq sadəcə, regionda və ya qlobal məkanda cərəyan edən prosesləri izləyən dövlət deyil. Belə ki, rəsmi Ankara hazırda proseslərin istiqamətini dəyişməyə çalışır. Qara dəniz regionunda yeni təhlükəsizlik modelinin formalaşmasına birbaşa təsir göstərir. Və buna paralel olaraq isə qlobal siyasi-diplomatik məkanın ən önəmli aktorlarından birinə çevrilməkdədir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR