İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampı Putindən ötə qəzəbləndirən hücum – amma o, Kiyevdə minlərlə uşaq öləndə sakit idi

613 30.12.2025 12:42 Analitika A A

Hər keçən gün ABŞ-Rusiya-Ukrayna üçbucağında vəziyyət bir az da dolaşıq şəkil alır.

Bu, “sevgi üçbucağı” deyil, daha çox “nifrət üçbucağı”dır.

Putin ABŞ-yə və Ukraynaya nifrət edir, sadəcə, ikincini məğlub etməkdən ötrü birinci ilə “siçan-pişik oyunu” oynayır, növbəti mərhələdə ona da dirsək göstərmək, “siz kimsiniz, bizə nəyisə diktə edəsiniz” demək fikrindədir.

Tramp Rusiya rejiminə də, Zelenski iqtidarına da nifrət edir, hər ikisinin siyasət səhnəsindən rədd olmasını istəyir, sadəcə, ikincini məğlub etdirməklə birincini yola gətirmək, ondan istifadə edərək Çini təkləmək, daha sonra ABŞ-ni dünyanın yek hökmranı elan etmək niyyətindədir.

Zelenski və komandası indiki halda Putinə də nifrət edir, Trampa da. Sadəcə, o, birinciyə qalib gəlmək, ən azı ona məğlub olmamaq üçün ikincinin rəhbərlik etdiyi dövlətin köməyindən yararlanmağa məhkumdur. Şələsi belinə düz gələndə Zelenski, eləcə də Ukrayna Rusiya ilə yanaşı ABŞ ilə də məsafə saxlayacaq, özünü bütövlükdə Avropanın ağuşuna atacaq.

Adı çəkilən dövlətlər arasında münasibətlər aşağı-yuxarı bu cürdür. Bunu Avropa da, yerdə qalan dünya ölkələri də bilir və hamısı səbrlə gedişatın hara varacağını gözləyir.

Ancaq Tramp bu xüsusda, demək olar ki, hər gün hamını heyrətləndirəcək bəyanatlar verir, təşəbbüslər edir.

O, bəzən hətta Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Peskov səviyyəsinə düşərək açıqlamalar verir. Məsələn, Kiyevin Putinin iqəmatgahına hücumunu şərh edərkən işlətdiyi cümlələri başqa cür yozmaq mümkün deyil.

“İndi bu cür hərəkətlərin vaxtı deyil", - deyən Tramp Valday iqamətgahının vurulması xəbərini prezident Putindən öyrəndiyini və çox qəzəbləndiyini bildirib. (Əslində belə bir hücumun baş verdiyi şübhə altındadır).

Təsəvvür edin, okeanın bu tayında iki qonşu və qardaş dövlət qanlı savaşdadır, hər gün bir-birinin şəhərlərini, strateji obyektlərini raketlərlə vururlar, sülhpərvər Tramp isə yalnız birinin vurulmasına qəzəblənir. Özü də son vurulan aqressor tərəfdir.

Bundan bir az əvvəl Ukraynanın mülki əhalisi raket hücumuna məruz qalmış, çoxlu qadın, uşaq, qoca ölmüşdü, amma Tramp nəinki bu qədər qəzəblənməmişdi, ümumiyyətlə, bu hadisəyə münasibət bildirməmişdi.

Bu və bu kimi çoxsaylı faktlar Trampın qəlbən Rusiyanın yanında olduğunu göstərir. Bir daha təkrar edək ki, bu, sevgidən deyil, adamın Rusiya ilə bağlı ya uzaqmənzilli planları var, ya da nəsə öhdəlikləri (bu komplo nəzəriyyələr hələlik ciddi qarşılanmır, amma şübhələr gündən-günə böyüyür).

Ötən il o, Rusiyaya rəğbət ifadə edən açıqlamalar verəndə güman olunurdu ki, Tramp bu yolla Rusiyanın isterikaya qapılaraq nüvə silahına əl atacağı təqdirdə ölkəsini mümkün zərbələrdən qorumaq istəyir. Doğrudan da Bayden administrasiyasının dönəmində Rusiya rəsmiləri nüvə silahının istifadəsindən tez-tez danışırdılar. Tramp hakimiyyətə gələndən sonra bu qorxunc ritorikanın azaltdılar.

Trampın 2025-ci ilin yanvar ayından başlayan ikinci prezidentlik müddəti isə onun Rusiya siyasətinin istiqamətlərini daha aydın şəkilə saldı. Məlum oldu ki, o, Rusiya ilə düşmən olmaq istəmir, tərəfdaş və müttəfiq olmaq istəyir.

Artıq çəkinmədən Tramp Amerikasını Rusiyanın müttəfiqi adlandırmaq olar. O, Rusiyaya qarşı xoş məramını sübut etmək üçün vaxtaşırı yeni təşəbbüslərlə çıxış edir. Buraya müharibəni Rusiyanın xeyrinə bitirmək üçün “sülh planı” hazırlamaqdan tutmuş Rusiya şirkətlərinə qarşı tətbiq edilmiş sanksiyaları yumşaltmağa dair çoxlu layihələr var.

Hələlik onun bu təşəbbüsləri həm ABŞ-nin özündə, həm də Avropada müqavimətlə qarşılaşır. Amma adamda dincəlmək, geri çəkilmək, vaz keçmək söhbəti yoxdur, hər gün yeni bir dinamika ilə qarşısına qoyduğu məqsədə doğru irəliləyir.

Onun fikri-zikri birdir: nə olursa-olsun, təki Rusiya Ukraynada məğlub olmasın, Putin özünü məğlub hesab etməsin, Ukrayna parçalansa da, ərazi bütövlüyünü itirsə də olar, amma Putin qələbə paradı keçirə bilsin.

Tramp Ukraynanın Rusiyaya tutarlı cavab verməsinə ona görə qəzəblənir. Bu cür cavablar kapitulyasiyaya hazırlaşan ölkənin cavabı deyil, bu, müqavimətdir, “öldü var, döndü yoxdur” deməkdir. Tramp anlayır ki, Zelenski Avropaya güvənir, onun verdiyi silah və qazla Rusiyanın qarşısından çəkilmir və bu da dolayısı ilə müharibəni bitirməyə çalışan ABŞ-yə qarşı sayğısızlıq deməkdir. 

Əgər sabah Tramp növbəti brifinqində Rusiya ilə hərbi pakt imzaladığını və Ukraynaya qarşı ikinci cəbhə açdığını, qoşun yeritməyə hazırlaşdığını bəyan etsə, bu, çoxları üçün təəccüblü olmaz. Adam ABŞ-nin etibarını bu yerə çatdırıb.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR