ABŞ prezidenti Donald Tramp bildirib ki, Avstraliya İranın qadın futbol komandasını deportasiya etməyi planlaşdırmaqla humanitar səhvə yol verir.
Prezident Tramp Truth Social-dakı paylaşımında Avstraliya baş nazirini idmançıları zorla İrana qaytarmaqdan çəkinməyə və onlara sığınacaq verməyə çağırıb.
“Avstraliya İranın qadın futbol komandasının zorla İrana qaytarılmasına icazə verməklə dəhşətli humanitar səhvə yol verir və orada onların öldürülməsi ehtimalı var. Bunu etmə, cənab baş nazir, onlara sığınacaq ver. Əgər verməsəniz, ABŞ onları qəbul edəcək", - Donald Tramp yazıb.
Müzakirəyə İranın qadın futbol komandasının Cənubi Koreya ilə oyundan sonra ətrafında yaranan vəziyyət səbəb olub. Həmin oyunda İranın qadın futbol komandası dövlət himnini oxumaqdan imtina edib. Bundan sonra İranın dövlət mediası komandanı sərt tənqid edib, “xainlər” adlandırıb.
CNN Sports bir mənbəyə istinadən iddia edir ki, 5 martda Avstraliyaya qarşı ikinci oyundan əvvəl oyunçular İran kəşfiyyat orqanlarının, o cümlədən SEPAH-ın bir üzvünün sərt nəzarəti səbəbindən dövlət himnini oxumağa məcbur ediliblər. Kanalın mənbəyinə görə, 8 martda Filippinlə oyundan əvvəl İran qadın komandası yenidən dövlət himnini oxuyub, hərbi salam veriblər və oyunçuların ailələri guya təhdid alıblar.
Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən beş oyunçu Avstraliyadakı komanda otelini tərk edib və polisin mühafizəsi altındadır. Mənbə həmçinin bildirib ki, qalan oyunçular da onların da ardınca gedə bilərlər.
Daha əvvəl beynəlxalq insan haqları təşkilatları, eləcə də İranın sonuncu şahının oğlu Rza Pəhləvi Avstraliya hakimiyyətini İran qadın komandasının təhlükəsizliyini təmin etməyə çağırıb.
Musavat.com






