Böyük Britaniyada kral ailəsinin maliyyələşdirilməsi sistemi ətrafında yeni mübahisələr başlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “The Guardian” nəşrinin yazdığına görə, ictimai təşkilatlar və bəzi siyasətçilər kral ailəsinin maliyyə fəaliyyətinin geniş şəkildə araşdırılmasını tələb edirlər.
Müzakirələrə səbəb York hersoqu titulundan məhrum edilmiş şahzadə Endryunun Vindzordakı Royal Lodge iqamətgahı ilə bağlı yayımlanan hesabat olub.
Milli Audit İdarəsinin (NAO) məlumatına görə, Endryu Royal Lodge ərazisində yerləşən üç kotteci subicarəyə verməklə gəlir əldə edib. Eyni zamanda onun əsas iqamətgah üçün ödədiyi icarə haqqının məbləği barədə dəqiq məlumat açıqlanmayıb.
Məsələ parlamentin Dövlət Hesabları Komitəsinin araşdırması çərçivəsində gündəmə gəlib. Araşdırma keçmiş hersoqun uzun illər dövlətə məxsus əmlakdan güzəştli şərtlərlə istifadə etməsi ilə bağlı tənqidlərdən sonra başlanıb.
Respublika quruluşunu müdafiə edən “Republic” təşkilatı kral ailəsi ilə əlaqəli əmlaklardan istifadənin şəffaf olmadığını bildirərək daha geniş araşdırma aparılmasını tələb edib.
Hesabatda qeyd olunur ki, şahzadə Endryunun qızları – şahzadə Beatris və şahzadə Yevgeniya da kral iqamətgahlarında yaşayırlar. Onların yaşayış xərclərinin bir hissəsi kral III Çarlz tərəfindən qarşılanır və təhlükəsizlik tələbləri nəzərə alınaraq tənzimlənir.
Milli Audit İdarəsinin məlumatına görə, Crown Estate-in idarə etdiyi daşınmaz əmlak portfelinin dəyəri təxminən 15 milyard funt sterlinqdir. Bu əmlaklardan əldə olunan gəlirlər dövlət büdcəsinə köçürülür, daha sonra isə müəyyən hissəsi kral ailəsinin rəsmi fəaliyyətinin maliyyələşdirilməsi üçün “Sovereign Grant” mexanizmi vasitəsilə geri qaytarılır.
Tənqidçilər hesab edirlər ki, kral ailəsinə məxsus şəxsi əmlakla dövlət mülkiyyəti arasındakı sərhədlər kifayət qədər şəffaf deyil və bu vəziyyət ictimai nəzarəti çətinləşdirir.
Kral təsərrüfatının nümayəndələri isə bütün əməliyyatların mövcud qanunvericilik və uzunmüddətli icarə müqavilələri çərçivəsində həyata keçirildiyini bildirirlər.
Konstitusiya hüququ üzrə ekspertlər qeyd edirlər ki, subicarə praktikası özü-özlüyündə qeyri-adi deyil. Lakin söhbət dövlət statusuna malik Crown Estate obyektlərindən getdiyi üçün məsələ cəmiyyətdə daha böyük maraq və suallar doğurur.
Musavat.com






