Donald Tramp hədəfindəki növbəti Latın Amerikası ölkəsinin adını açıqladı: Meksika. ABŞ prezidenti Meksikada hərbi əməliyyatlara başlayacağını elan edib. O, yaxın gələcəkdə Meksika narkotik kartellərinə qarşı quru hücumlarının planlaşdırıldığını bildirib.
Tramp əməliyyatın ABŞ-nin milli təhlükəsizliyinə təhdidlərlə əlaqəli olduğunu vurğulayıb: “Meksikanı narkotik kartelləri idarə edir. Bu ölkənin başına nə gəldiyini görmək çox kədərlidir".
Musavat.com xəbər verir ki, kartellər qanunsuz gəlir əldə etmək üçün təşkilatlanmış, silahlı və çox vaxt beynəlxalq şəbəkəyə malik kriminal birliklərdir. Xüsusilə Latın Amerikasında bu anlayış əsasən narkotik istehsalı və qaçaqmalçılığı ilə məşğul olan güclü qrupları ifadə edir.
“Kartel” sözü əslində iqtisadi termindir və bazarı bölüşən şirkətlər ittifaqını ifadə edir. Amma Latın Amerikasında bu söz tamamilə fərqli məna qazanıb: Kriminal kartel narkotik istehsalı, narkotiklərin daşınması, silahlı qoruma, korrupsiya və zorakılıq ilə məşğul olan mütəşəkkil cinayət təşkilatlardır. Kartellər adi cinayətkar dəstələrdən fərqlənir. Kartellər hərbi quruluşa malikdir, komandirləri, silahlı bölmələri, xüsusi təyinatlıları, xüsusi idarəetmə sistemi var, daxili “qanunlar”la idarə olunur. Onlar dövlətlə paralel güc yaradır, bəzi bölgələrdə polisə, məhkəməyə hökm edirlər.
ABŞ-də on minlərlə insan hər il fentanildən ölür. Fentanilin əsas marşrutu isə Meksika kartelləridir. Kartellər sərhədə nəzarət edir, miqrasiya axınlarını yönləndirir, silahlı qruplar ABŞ sərhədinə yaxınlaşır. Buna görə də ABŞ kartelləri artıq kriminal problem yox, təhlükəsizlik təhdidi kimi görür. Meksika ordusu kartellərə qarşı əməliyyatlarda ABŞ texnologiyasından istifadə edir. Mərkəzi Kəşfiyyat İdarəsi kartellər barədə məlumat toplayır, ABŞ dronları Meksika ərazisində səssiz müşahidə aparır. ABŞ daxilində yeni tendensiya kartelləri terror təşkilatı elan etməkdir. Trampın bəyanatı da buna hazırlıq hesab edilə bilər.
Ekspertlər hesab edir ki, ABŞ ordusu kartellərə qarşı Meksika ərazisində əməliyyat aparacağı halda rəsmi Mexiko şübhəsiz etiraz edəcək və ABŞ-nin bu yolla əslində müstəqil dövlətin suverenliyinə müdaxilə elədiyini bildirəcək. Ona görə də kartellərlə mübarizə adı altında müdaxilə gələcəkdə ABŞ–Meksika münasibətlərində ən təhlükəli vəziyyət meydana çıxara bilər.
Maraqlıdır ki, Tramp kartellərə qarşı əməliyyat keçirəcəyini bəyan etsə də əslində on illərdir bu problemi yaradan Amerikanın özüdür. Məlumdur ki, narkotiklərin əsas istehlakçısı ABŞ-dir. Kartellərin silahlarının böyük hissəsi Texas, Arizona, Kaliforniya üzərindən gəlir. Odur ki, ekspertlər hesab edir ki, ABŞ kartellər problemini tam həll edə bilməz, çünki sistemin bir hissəsidir. Kartellər tam məhv edilməyəcək, sadəcə olaraq ən təhlükəliləri sıradan çıxarılacaq və ya zəiflədiləcək.
Etibar Seyidağa,
Musavat.com






