İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın müharibə planı: hər şey ağır ssenari üzrə gedir – Rauf Arifoğlu ilə sensasiyalı müsahibə

1347 03.04.2026 11:56 Gündəm A A

ARB 24 telekanalının “İşgüzar səhər” proqramında jurnalist Çinarə Nurməmmədova ilə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu arasında maraqlı efir baş tutub.

Musavat.com xəbər verir ki, Çinarə Nurməmmədovanın moderasiyası ilə keçirilən proqramda Rauf Arifoğlu bir sıra sualları cavablandırıb.

O, xüsusilə ABŞ/İsrail-İran müharibəsinin hazırkı mərhələsi və mümkün inkişaf istiqamətləri barədə diqqətçəkən fikirlər səsləndirib.

Rauf Arifoğlunun fikrincə, yaxın vaxtlarda ABŞ-ın İranın əsas enerji mərkəzlərindən biri olan Xark adasına desant qüvvələri çıxarması və bununla da quru əməliyyatlarının başlanması ehtimalı yüksəkdir:

“Bunun necə nəticələnəcəyini indidən söyləmək çətindir, amma bunun baş verəcəyini deyə bilərəm”.

O əlavə edib ki, müharibədə ABŞ-ın uduzduğu və vəziyyətdən çıxa bilmədiyi barədə iddialar tələsik nəticədir:

“Rəqəmlərə baxsaq, 33 gün davam edən müharibədə ABŞ cəmi 13 itki verib və onların böyük əksəriyyəti də döyüş yox, qəza nəticəsində olub. Texnika baxımından da itkilər çox azdır”.

Arifoğlu bildirib ki, bunun əksinə olaraq İran ciddi zərbələr alıb:

“İranın hərbi-siyasi və ali dini elitası faktiki olaraq sıradan çıxarılıb. Ölkə böhran və fəlakətlə üz-üzədir. Şəhərlər demək olar ki, hər gün bombalanır və bu proses davam edir”.

Ekspert qeyd edib ki, hazırda ABŞ-ın regiona – xüsusilə Körfəz ölkələri ərazisinə yerləşdirdiyi hərbi qüvvələrin aktiv fazaya keçməsi gözlənilir.

Onun sözlərinə görə, belə bir şəraitdə nə sülhün yaxın olduğunu demək mümkündür, nə də ABŞ-ın məğlubiyyətindən danışmaq üçün əsas var:

“Sülhdən danışmaq tezdir, amma Amerikanın uduzduğunu demək də imkansızdır. İranın bu dərəcədə müqaviməti və rejimin dayanaqlığı isə gözlənilməzdir və bu səviyyədə davam etməsi İranın ən böyük uğurudur”.

Rauf Arifoğlu onu da vurğulayıb ki, müharibənin əvvəlində İranın tez bir zamanda dağılacağı ilə bağlı proqnozlar özünü doğrultmayıb:

“İddia edilirdi ki, ilk zərbələrdən sonra İran parçalanacaq, xalq ayağa qalxacaq. Bunların baş verməməsi İranın ən böyük uğurudur. Amma bu, onun qalib olduğu anlamına gəlmir”.

Qeyd edək ki, mövzu ilə bağlı Rauf Arifoğlunun geniş şərhləri ARB 24-də yayımlanan 20 dəqiqəlik video süjetdə yer alıb.

Onu təqdim edirik:

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR