İranla müharibəyə etiraz edərək vəzifəsindən istefa verən ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin sabiq rəhbəri Cozef Kentin Donald Trampın NATO ilə bağlı çıxışlarını şərh edərkən irəli sürdüyü iddialar gündəmi zəbt etməkdədir.
O, Birləşmiş Ştatların ittifaqdan ayrılmaq istəyinin arxasında duran əsl səbəbin,Türkiyə ilə İsrail arasında yarana biləcək mümkün gərginlikdə Vaşinqtonun İsrailin tərəfində yer almaq niyyəti olduğunu qeyd edib.
ABŞ-də yüksək vəzifə tutmuş sabiq təhlükəsizlik rəsmisinin sensasion açıqlamaları müzakirələri daha da dərinləşdirir. Cozef Kentin iddiaları göstərir ki, Vaşinqtonun geosiyasi strategiyası sadəcə müdafiə və ya ittifaq öhdəlikləri ilə məhdudlaşmır, daha geniş və bəzən ziddiyyətli planların tərkib hissəsidir.
Xüsusilə Donald Trampın NATO ilə bağlı sərt çıxışları və ittifaqdan uzaqlaşma ehtimalını gündəmə gətirməsi fonunda ortaya çıxan bu iddialar ciddi suallar doğurur: ABŞ həqiqətən də NATO-dan ayrılmağa hazırlaşırmı, yoxsa bu, daha böyük geosiyasi oyunun tərkib hissəsidir? Vaşinqtonun mümkün addımları Yaxın Şərqdə, xüsusilə Suriya ətrafında formalaşan yeni qarşıdurma xəttinə necə təsir göstərə bilər?
Daha da diqqətçəkən məqam isə mümkün Türkiyə–İsrail gərginliyi fonunda ABŞ-nin hansı mövqeni seçəcəyi ilə bağlıdır. Əgər Kentin iddia etdiyi kimi, Vaşinqton bu qarşıdurmada açıq şəkildə İsrailin tərəfində yer almaq üçün NATO kimi çoxtərəfli mexanizmlərdən uzaqlaşmağa çalışırsa, bu, alyans daxilində hansı parçalanmalara yol aça bilər? Bu addım ABŞ-nin ənənəvi müttəfiqləri ilə münasibətlərinə necə təsir edəcək?
Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a dedi ki, Amerikanın indiki administrasiyası ölkə ilə bağlı bir sıra məsələləri ABŞ-ın milli maraqlarına uyğun şəkildə dəyişməyə çalışır: “Bu, bir tərəfdən yeniliklər və islahatlarla həyata keçirilir. Digər tərəfdən isə çox radikal addım kimi qəbul oluna bilər. Birləşmiş Ştatların ənənəvi dövlət maraqları var. Bu maraqlar həm iqtidar, həm administrasiya, həm də ABŞ-ın müəyyən siyasi dairələri tərəfindən vaxtaşırı səsləndirilir. Bu, təhlükəsizlikdir, iqtisadi maraqlardır, ABŞ-ın dünya siyasətində lider pozisiyasının daha da möhkəmləndirilməsidir. NATO-dan çıxmaqla bağlı ara-sıra fikirlər səsləndirilir. Amma hesab edirəm ki, Amerikanın Şimalı Atlantika İttifaqından çıxması addımı real görünmür. Bu, daha çox Avropadakı müttəfiqlərini ABŞ-la razılaşmaya çağırmaqdır. Tramp həm birinci, həm də ikinci prezidentliyi dövründə Avropa ölkələrini NATO büdcəsinə daha çox vəsait ayırmağa çağırmışdı. Eyni zamanda unutmayaq ki, ABŞ qurumdan çıxarsa, o zaman qoşunları Avropadan çıxmalıdır. Bu isə Avropanın hərbi təhlükəsizliyinə bir sıra problemlər yarada bilər. ABŞ-ın siyasi dairələri yaxşı başa düşürlər ki, siyasət boşluq sevmir, Amerikanın çıxdığı mühitə başqa qüvvələr daxil ola bilər. Bu baxımdan söhbət daha çox İrana hücumda Avropanın bir sıra ölkələrinin Amerikaya dəstək verməməsindən gedir. Son dönəmlərdə ABŞ-ın xarici siyasətində Yaxın Şərq məsələsi çox parlaq görünür. Sonunda yaxın müttəfiqi İsraillə birlikdə İranla savaşa girdi. Əvvəldən də qarşıdurmalar yaşanırdı. Amma bunun hərbi münaqişəyə çevrilə biləcəyinə çoxları inanmırdı. Çox yaxşı olardı ki, savaş olmazdı. Diplomatik yollarla məsələləri həll etmək olardı. Bəlkə də bu, daha çox vaxt aparardı. Amma istənilən halda dünyanı belə seçim qarşısında qoymazdı. ABŞ siyasətindən beynəlxalq aləmdə çox şeylər asılıdır. Çünki supergücdür. İranla əldə olunan iki həftəlik atəşkəs çox müsbət nəticədir. Bəşəriyyət bu müddətin daha çox uzanacağına və danışıqlarla bu problemlərin həllinə ümid bəsləyir”.
Cavanşir ABBASLI
Musavat.com






