Türkiyə hakimiyyəti Suriyanın milli ordusunun hazırlanması prosesində Azərbaycan modelindən istifadə etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin müdafiə naziri Yaşar Gülər bildirib. Məlumatı Hürriyet nəşri yayıb.
Nazirin sözlərinə görə, “Suriya Demokratik Qüvvələri”nin (SDF) tərkibində olan silahlı birləşmələr Suriya ordusuna ayrı bir struktur kimi deyil, fərdi əsasda inteqrasiya edilməlidir. Yaşar Gülər vurğulayıb ki, bu proses vahid komandanlıq altında həyata keçirilməli, hər hansı ayrıca hərbi kimliyin saxlanmasına yol verilməməlidir.
“Söhbət tam inteqrasiyadan gedir. Ayrı silahlı strukturlar və paralel komandanlıqlar qəbul edilə bilməz,” – deyə Türkiyənin müdafiə naziri qeyd edib.
Gülər əlavə edib ki, Türkiyə Suriyanın təhlükəsizlik qüvvələrinə hərbi və tədris dəstəyi göstərməyə hazırdır. Bu dəstək modeli daha əvvəl Türkiyənin Azərbaycanla əməkdaşlığı çərçivəsində, eləcə də Liviya və Somali ilə həyata keçirilən proqramlara əsaslanacaq.
Nazirin sözlərinə görə, bu model peşəkar ordu quruculuğu, institusional idarəetmə və mülki-hərbi münasibətlərin balanslaşdırılması baxımından öz effektivliyini sübut edib.
Ekspertlər Türkiyənin bu yanaşmasının Suriyada mərkəzləşdirilmiş dövlət nəzarətinin bərpasına və silahlı qrupların vahid təhlükəsizlik arxitekturası çərçivəsində birləşdirilməsinə yönəldiyini bildirirlər.
Musavat.com






