İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin mundial dərsi

1953 20.06.2026 14:41 Yazarlar A A

Türkiyənin mübarizəni erkən dayandırması pis oldu, amma mundialda hər şey indən sonra başlayacaq

Vinçentso Montellanın yəqin ki, Türkiyəyə daha qayıtmaması lazım. Dünya çempionatındakı biabırçı nəticədən sonra zatən, özünün də baş məşqçi kimi qalmaq istəyəcəyini gözləmirəm. Avstraliya ilə ilk oyundan sonra ona(həm də komandanın ayrı-ayrı oyunçularına)sözlü basqı vardı.

Picture background

Məğlubiyyətə görə isə ən sərt tənqidlər daha çox italiyalı mütəxəssisə yönəlmişdi. Start heyəti doğru müəyyənləşdirmədiyi, oyunçu dəyişikliyini vaxtında etmədiyi üçün ən pis sözlər eşitməli olmuşdu. Deyəsən, Türkiyədə iki illik baş məşqçilik təcrübəsində toplumun birdən-birə necə döndüyünə bir az da təəccüb qalmışdı. Əslində, Montella gücü çatanı etdi, 24 il sonra Türkiyənin adını dünya futbolunun əsas yarışına yenidən yazdırdı, həm də iki pley-off qarşılaşmasının yekunu olaraq... İlk dəfə 48 milli komandanın iştirak etdiyi mundialda Türkiyədən fövqəladə nəticə gözləyənlər az idi. (Deyəsən, Kim Kardaşyan yarızarafat demişdi ki, mundialın qalib Türkiyə olacaq). Amma qrupda qalması fövqəladə ağır hadisə oldu və bu türkiyəli şərhçilərə saqqız kimi uzadacağı  ən azı 6 aylıq mövzu verdi...


Picture background

Türkiyənin niyə belə zəif oynamasının səbəblərini İTV-nin efirindən baxıb, obyektiv qiymət vermək çətindir. Montella da daxil komandanın ümumi rəy belədir ki, milli komandanın sadəcə, bəxti gətirməyib. Məncə, uğursuzluğu bəxt və şans sözləri ilə ört-basdır etmək cəhdi indilikdə bir az da ayıb işdir. Futbol şans oyunu deyil axı... Statistika deyir ki, Türkiyə millisi iki oyunda qapıya doğru gərək ki, 62 zərbə vurub, amma heç biri də uğurlu olmayıb. Amma bu o demək deyil ki, vurulmuş zərbələrin hamısı qapı dirəyindən dönüb. Demək, zərbələri elə istiqamətdən, elə dəqiqliklə vurmaq lazım imiş ki, uğur gətirsin. Millinin bəzi oyunçuları da bu bəhanəni təkrar edib. Amma bununla ancaq özlərini aldatmış olurlar. Bəs Paraqvay ikinci hissədə 10 nəfərlə oynadı, görəsən, bu şans idi, yoxsa şanssızlıq?


Picture background

Türkiyə millisində çatışmayan nə idi? İlk oyuna hazırlıq zamanı Türkiyə milli komandasının bir neçə oyunçusunun otelin balkonunda siqaret( hətta marixuana iddiası da vardı)çəkdiyini göstərən görüntülər ortaya çıxmışdı. Bu komandada nizam-intizamın vəziyyətinə dair xəbərdarlıq idi. Amma üstünə gedilmədi, Türkiyə Futbol Federasiyasının da hansısa izahatı olmadı. Axı “od olmayan yerdən tüstü çıxmaz”. Siqaret bir tərəfə, deyək ki, öz canlarına qıyırlar, amma son iki oyunda bu komandanın ruhu “tüstü olub” hara “uçmuşdu?” Türkiyə milli komandası 24 il il əvvəl o ruhun sayəsində möcüzələr yaratmışdı, son nəticədə dünya 3-cü olmuşdu. Bu mundialda isə Türkiyə millisində o ruhdan əsər-əlamət yox idi...Ruhsuz 11 oyunçu var idi meydanda.


Picture background

Türkiyə millisi seçmə mərhələdə İspaniyaya öz meydanında böyük hesabla uduzmuşdu da, amma bu qrup o qrup deyildi axı... Həm Avstraliya, həm Paraqvay Türkiyənin “dişinə uyğun” rəqiblər idi. Amma əksinə oldu- Türkiyə bu komandaların “dişində” əzilib qaldı.

Mundial hələ yenicə sürət yığır və Türkiyənin bu uğursuzluğu da tezliklə unudulacaq. Bir az da davam etsəydilər, mundial məsələn, Azərbaycan azarekeşləri üçün də bir qədər fərqli mənası olardı. Amma Türkiyə hekayəsi erkən bitdi, mundialda isə həyəcanlı günlər qarşıdadır. Hələ elə komandalar elə oyunda uduzacaqlar ki, Türkiyənin məğlubiyyəti onun yanında heç nə olacaq.

...Hələ ki, Avropa komandaları daha hazırlıqlı və iddiaları görünürlər, amma indilikdə çempionluq haqda danışmaq yersizdir. Mənə görə, ən yaxşı futbolu bu günə qədər İngiltərə millisi göstərib, amma ingislər startda həmişə yaxşı oynayırlar, hətta finala da gedib çıxırelar, amma sonda qalib gələn başqa milli olur. Niderland ənənəvi olaraq yenə də yaxşı kollektivlə iştirak edir, amma bir mərhələdə onlar da büdrəyirlər.

“Nemes”lər ilk oyunda ada-dövlətə aman vermədilər, ona görə nəyə qadir olduqlarını demək çətindir. Argentina Messi ilə davam edə bilsə(atası ağır xəstədir) çempionatda irəliləyə bilər, amma lider gedərsə, nə olacağını demək çətindir. Portuqaliya Konqo ilə oyunda heç nə ilə yadda qalmadı, bu cür davam etsələr, çempionluq iddiaları suya düşə bilər. Braziliya təcrübə sayəsində böyük ölçüdə növbəti mərhələyə adlayıb, amma iki oyununa axıradək baxdım, heç nə təəccübləndirmir. Afrika milliləri bu dəfə çox zəif görünürlər, Mərakeş və Kot d-İvuar fərq yaratmağa çalışır, amma möcüzə yaradacaq millilər deyilllər. Çempion günəşinin Asiyadan doğacağı da real görünmür. Ev sahibləri(ABŞ, Kanada və Meksika) hələ ki, “bərkgedirlər”, gedəcəklər də. Amma bir yerdə onları da dayandıran tapılacaq.

...Türkiyənin mübarizəni tez dayandırması pis oldu, amma mundialda hər şey indən sonra başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR