İnsanlara hürriyət, millətlərə istiqlal!

Türmədə infarkt keçirən məhkumun ailəsi amnistiya istəyir  FOTO

822 19.12.2025 16:32 Gündəm A A

8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Anar Məhəmməd oğlu Ömərovun anası Rəyisət Ömərova oğluna amnistiya şamil olunmasını istəyir.

Musavat.com-a müraciət edən ana bildirir ki, oğlu 2015-ci ildə həbs edilib və 15 il müddətinə azadlıqdan məhrum olunub, sonradan cəzası 13 il 6 aya endirilib.

Rəyisət Ömərova deyir ki, oğlu cəzanın 10 il 5 ayını çəkib və cəzasının bitməsinə 3 il 1 ay qalıb. Ana deyir ki, oğlu həbsdə olduğu müddətdə ağır xəstəlik keçirib, infarkt olub və hazırda ciddi tibbi müdaxiləyə ehtiyacı var.

MEH.png (307 KB)

“Oğlumun ürəyinə stend qoyulmalıdır. Həkimlər deyiblər ki, mütləq müalicə olunmalıdır. Amma bizim buna maddi imkanımız yoxdur. Ailənin vəziyyəti çox ağırdır”, - deyə Rəyisət Ömərova ölkə rəhbərliyinə müraciətində bildirib.

Onun sözlərinə görə, ailənin sosial durumu son dərəcə çətindir. Digər oğlu II qrup əlildir, həyat yoldaşı isə vəfat edib. Həbsdə olan Anar Ömərovun 2 azyaşlı övladı var. Ata həbsdə olduğu üçün uşaqlar sosial sığorta və müvafiq sosial təminatlardan da yararlana bilmirlər.

“Bir tərəfdən xəstə oğul, bir tərəfdən əlil övlad, iki nəvə… Mən tək qalmışam. Oğlumu müalicə etdirməyə gücüm çatmır”, - deyə ana kömək istəyir.

ERİZ SON.png (369 KB)

Anar Ömərov 2015-ci ildə Balakən rayonunda yerləşən Kərpic zavodunda çalışarkən iş yoldaşı Anar Həmzəyev ilə mübahisə edib. Mübahisə sonradan ağır insidentə çevrilib və Anar Ömərov iş yoldaşına endirdiyi zərbənin nəticəsində o, həyatını itirib.

Ana hazırda cəzasının bitməsinə 3 il 1 ay qalan oğluna amnistiya şamil olunmasını xahiş edir.

Qeyd edək ki, Prezident İlham Əliyev amnistiya təşəbbüsü irəli sürülüb.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı təxribatları nəticəsində əlil olmuş şəxslərin, qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər kateqoriyaların cəzadan azad edilməsi nəzərdə tutulur. Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən, az ağır və ya ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrum edilən bir sıra şəxslərin cəzalarının azaldılması və ya tamamilə ləğv olunması da mümkün olacaq. Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi amnistiya aktının tətbiq dairəsinə görə ölkə tarixində ən geniş amnistiya olacağı gözlənilir. İlkin ehtimallara görə, bu qərar 20 mindən artıq şəxsi əhatə edə bilər. Anar Ömərovun ailəsi də ümid edir ki, humanist addım çərçivəsində səhhəti ağır olan məhkumlara münasibətdə güzəşt ediləcək və o, azadlığa qovuşaraq müalicə almaq imkanı əldə edəcək.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR