İnsanlara hürriyət, millətlərə istiqlal!

Tüstüsüz, amma zəhərli: elektron siqaretlərin təhlükəli anatomiyası - professorun yazısı

590 19.12.2025 14:41 Siyasət A A

Elektron siqaretlərlə bağlı tez-tez səsləndirilən bir arqument var: guya elektron siqaretlər klassik siqaretlərə nisbətən daha az zərərlidir. İlk baxışda bu fikir məntiqli və hətta inandırıcı təsir bağışlaya bilər. Lakin məsələni daha dərin və geniş kontekstdə təhlil etdikdə bu yanaşmanın ciddi problemlər yaratdığını görürük.

Son onilliklərdə dünyada aparılan ardıcıl və sistemli maarifləndirmə, qanunvericilik və ictimai səhiyyə tədbirləri nəticəsində, xüsusilə gənclər arasında zərərli vərdişlərə – siqaret və alkoqol istifadəsinə maraq əhəmiyyətli dərəcədə azalmışdır. Bu azalma daha aydın şəkildə orta və yüksək sosial təbəqələrdə müşahidə olunur. Bu fakt onu göstərir ki, illərlə aparılan mübarizə artıq yeni nəsildə real nəticə verməyə başlamışdır.

Məhz bu mərhələdə bazar maraqları yeni bir anlayış formalaşdırdı: “daha az zərərli”, “təhlükəsiz”, “keçid vasitəsi” kimi təqdim olunan elektron siqaret konsepsiyası ortaya atıldı. Bu konsepsiya gənc nəsil üçün sanki problemsiz, asılılıq yaratmayan və sosial cəhətdən qəbul edilə bilən bir alternativ kimi təqdim olunur. Halbuki reallıqda bu yanaşma azalmağa başlayan asılılıq bazarının yenidən genişləndirilməsinə xidmət edir.

Burada məqsədin birbaşa “zərər vermək” olduğunu iddia etmək ilk baxışda çətin görünə bilər. Lakin biznes maraqları ilə asılılıq yaradan maddələrin uzunmüddətli və davamlı istifadəsi birləşdikdə, bu, cəmiyyət üçün ağır tibbi, sosial və iqtisadi nəticələr doğurur. Xüsusilə nikotin asılılığının erkən yaşlarda, yeniyetmələr arasında formalaşması gələcəkdə daha ağır davranış modellərinə və ciddi sağlamlıq problemlərinə yol açır.

Enerji içkilərinə nəzər salsaq görərik ki, problem təkcə kafeinin ürək ritminə təsiri ilə məhdudlaşmır. Bu içkilər davamlı istifadəyə yönəlik formalaşdırılır və nəticədə əsas risk davamlı istehlaka bağlı yüksək şəkər yükü üzərindən ortaya çıxır. Bu isə metabolik sindromun yaranmasına, ardınca ürək-damar xəstəliklərinə, insulta, alimentar diabetə və bəzi onkoloji xəstəliklərə aparan ciddi etioloji zəncir yaradır.

Elektron siqaretlərdə də oxşar vəziyyət mövcuddur. “Tüstüsüz”, “az zərərli”, “meyvəli”, “klassik siqaretdən qurtulmaq üçün aralıq vasitə” kimi mülayim formada təqdim olunmaları bu məhsulların tərkibindəki maddələrin ciddi asılılıq yaratmaqla yanaşı, qızdırılma zamanı kimyəvi baxımdan bəzən aşkarlanması çətin olan toksik birləşmələr əmələ gətirdiyini gizlədir. Kütləvi istehsal şəraitində nəzarətin zəifləməsi isə daha təhlükəli, gizli asılılıq yaradan psixoaktiv maddələrin dövriyyəyə daxil olma riskini artırır ki, bununla bağlı artıq həyəcan təbili çalınır.

Bu səbəbdən məsələyə sadə və prinsipial yanaşmaq lazımdır: asılılıq yaradan istənilən məhsul dövlət üçün potensial təhlükədir. Müasir dövrdə dövlətlərin əsas vəzifəsi yalnız bazarı tənzimləmək deyil, həm də cəmiyyətin, xüsusilə gənc nəslin sağlamlığını qorumaqdır. Bu isə qaçılmaz olaraq daha sərt və qabaqlayıcı addımlar atmağı tələb edir.

Tarixi təcrübə göstərir ki, sənayeləşmənin ilkin dövrlərində siqaretin geniş yayılmasının qarşısını almaq mümkün olmadı. O zaman nə bu qədər elmi bilik, nə qlobal kommunikasiya imkanları, nə də ictimai məsuliyyət mexanizmləri mövcud idi. Amma bu gün biz tamamilə fərqli mərhələdəyik. Riskləri əvvəlcədən görür və onları vaxtında idarə etmək imkanına sahibik.

Hörmətli millət vəkilləri! Əlbəttə, qlobal tütün sənayesi qarşısında heç bir ölkə bütün problemləri təkbaşına birdəfəlik həll edə bilməz. Lakin bu, dövlətlərin passiv qalmalı olduğu anlamına gəlmir. Əksinə, erkən mərhələdə, xüsusilə gəncləri – konkret desək, məktəb yaşlı uşaqları – hədəf alan, qoxusuz və aldadıcı təsir bağışlayan, ömürlük asılılıq yaradan elektron siqaretlərə qarşı prinsipial mövqe nümayiş etdirilməlidir.

Bu gün əlimizdə olan biliklər və mövcud məlumatlar bizi yeni yaranan risklərə qarşı daha çevik, daha qətiyyətli və daha məsuliyyətli qərarlar verməyə məcbur edir.

Bu artıq fərdi seçim məsələsi deyil, nə də iqtisadi azadlıq məsələsidir.

Bu, gələcək nəsillərin sağlamlığı ilə bağlı dövlət məsuliyyətidir.

Bu yolda atılan hər bir addıma cəmiyyətin hər bir üzvünün həssas yanaşmasını xahiş edir, həmkarlarımı bu qanun layihəsini dəstəkləməyə çağırıram.

Təşəkkür edirəm.

1638024655432005709_1200x630-1.jpg (85 KB)

Rəşad Mahmudov,
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR