İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna hakimiyyətində “yarpaq tökümü” : ilk qurban məlumdur, bəs növbəti?

628 29.11.2025 21:19 Siyasət A A

"Ukrayna Prezidentinin Ofisində yenilənmə baş tutacaq. Ofisin rəhbəri Andrey Yermak istefa ərizəsi yazıb. İstəyirəm ki, söz-söhbət və fərziyyələr olmasın. Ofisin yeni rəhbərinin kim olacağına gəlincə, noyabrın 30-da bu quruma rəhbərlik edə biləcək şəxslərlə məsləhətləşmələr aparacağam".

Musavat.com xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski səsləndirib.

Yermakın istefasının ardından daha çox onun yerini kimin tuta biləcəyi müzakirə olunur. Eyni zamanda, 5 ildir bu posta rəhbərlik edən bir şəxsin məhz indiki çətin zamanda istefa verməsi bəzi müəmmalara yol açıb.

Politoloq Kənan Novruzov məsələ ilə bağlı Musavat.com-la fikirlərini bölüşüb:

"Məlum olduğu kimi, daha əvvəl Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermakın evində axtarış aparıldığı barədə məlumat yayılmışdı. O, korrupsiyada ittiham olunurdu.

Prinsip etibari ilə Yermakın korrupsiyaya bulaşması mümkündür. Hətta irili – xırdalı digər məmurların da oxşar cinayətlərdə əli olması istisna deyil.

Bəs bu məlumatlar niyə məhz indiki vaxta - Ukrayna üçün kritik dövrə təsadüf etdi? Doğrudanmı, indiyə kimi Ukrayna hakimiyyətinin bu məsələdən xəbəri yox idi və cinayətin üstü yalnız indi açıldı? Fikrimcə, məsələ daha dərindir. Belə ki, xüsusilə ABŞ-nin 28 maddəlik sülh planından sonra Ukrayna siyasi elitasında ciddi böhranın yaşanması istisna deyil. Hər halda həmin layihə Kiyevin faktiki olaraq fakt qarşısında qalması deməkdir. Prezident Volodimir Zelenskinin dediyi kimi, Ukraynaya ləyaqətini itirməlidir, ya da ən yaxın tərəfdaşını üstün tutmalıdır.

Məsələ burasındadır ki, ABŞ-nin təklif etdiyi sülh planı əslində Ukraynaya sərf etmir. Amma Kiyevin başqa yolu da yoxdur. Çünki Zelenski hakimiyyəti yaxşı başa düşür ki, ABŞ-nin şərtlərinə razı olmasa, dəstək tamamilə aradan qalxa bilər.

Beləliklə, Ukrayna üçün “yuxarı bağsan bığ, aşağı baxsan saqqal” misalı yaranıb. Bunun isə Ukrayna siyasi elitasında ciddi fikir ayrılığına səbəb olması tam təbiidir.

İstisna deyil ki, Yermakla Zelenskinin də fikirləri hansısa məqamda üst-üstə düşməyib. İndi Zelenski ciddi qərar verməlidir. Və ona ciddi siyasi dəstək lazımdır. Bu mənada Yermakın istefasında, yaxud onun adının korrupsiya hallarında çəkilməsində bu və ya digər formada prezidentin özünün adının olması da mümkündür".

Politoloq onu da qeyd edib ki, bu istefaların davamı gələ bilər: "Zelenskinin komandasında “təmizləmə” işləri aparması və ya əksinə, məmurların artıq prezidentin ətrafından uzaqlaşmaq istəməsi gözləniləndir. Yəqin ki, Ukrayna siyasi elitasında böhran dərinləşəcək və bu, ciddi nəticələrlə yadda qalacaq".

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR