Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Ukrayna ilə Polşa sərhədində hələ də uzun və yorucu növbələr müşahidə olunur.
Musavat.com xəbər verir ki, bəzi buraxılış məntəqələrində insanlar 20 saatdan artıq gözləmək məcburiyyətində qalırlar.
Ən çətin vəziyyət “Krakovets”, “Qruşev” və “Ustiluh” sərhəd-keçid məntəqələrində qeydə alınıb. Məlumatlara əsasən, hazırda ümumilikdə 200-dən çox avtomobil növbələrdə ilişib qalıb.
Piyada keçidi olan “Şeqini” məntəqəsində də durum ürəkaçan deyil. Burada insanlar artıq yeddi saatdan çoxdur ki, növbədə dayanırlar.
Bildirilir ki, gecikmələrin əsas səbəblərindən biri Polşa tərəfinin buraxılış prosesini ləng aparmasıdır. Sosial şəbəkə istifadəçiləri qeyd edirlər ki, Polşa sərhədçiləri faktiki olaraq “bir-bir” rejimində işləyir və bu da axının sürətini ciddi şəkildə azaldır.
Mövcud vəziyyət xüsusilə bayram və istirahət günləri fonunda sərhəddən keçmək istəyənlər üçün əlavə çətinliklər yaradır.
Musavat.com






