İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna seçkilərə getsə, nə olar, getməsə, nə olar

435 25.12.2025 08:26 Siyasət A A

Rusiya daha bir il dözərmi, dözməzmi...

Ukraynada müharibə şəraitində seçkilərin keçirilməsi ilə bağlı qəbul ediləcək qanun yalnız bir dəfə tətbiq olunacaq. Bunu Ukrayna Ali Radasının (parlamentin) sədri Ruslan Stefançuk yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, seçkilərin konkret nə vaxt, hansı şərtlərlə və hansı mexanizmlərlə keçiriləcəyi barədə hazırda geniş müzakirəyə başlamağı məqsədəuyğun hesab etmir. Stefançuk bildirib ki, bu məsələlər üzərində işləmək üçün yaradılmış işçi qrupuna və mütəxəssislərə hər bir bənd üzrə fikir bildirmək imkanı verilməlidir.

“Seçkilərlə bağlı hər mövzuda həm "lehinə", həm də “əleyhinə” ciddi arqumentlər var. Bunlar diqqətlə təhlil edilməli, ən yaxşı beynəlxalq təcrübə öyrənilməli və Ukrayna üçün yeni bir qanun təklif olunmalıdır. Bu qanun isə yalnız bir dəfə, məhz həmin seçkilər üçün nəzərdə tutulacaq", - spiker vurğulayıb.

Onun sözlərinə görə, müharibə dövründə seçkilərin təşkili həm təhlükəsizlik, həm hüquqi, həm də siyasi baxımdan son dərəcə həssas məsələdir və tələsik qərarlar yolverilməzdir.

Bu arada ABŞ-nin nüfuzlu “The Washington Post” qəzeti yazıb ki, Rusiya Ukraynadakı müharibə səbəbindən ciddi iqtisadi çətinliklərlə üzləşib və vəziyyət 2026-cı ildə xeyli pisləşə bilər. Nəşr hesab edir ki, Trampın Rusiyanın Ukraynaya qarşı müharibədə üstünlüyü qoruyub saxladığı iddialarına baxmayaraq, ölkənin iqtisadi vəziyyəti bunun əksini göstərir. “Rusiya diktatoru Vladimir Putin əvvəllər hərbi xərclərə yönələn nağd pul ehtiyatlarının və borc vəsaitlərinin əhəmiyyətli bir hissəsini xərcləyib və qarşıda yeni maliyyə çətinlikləri var”, - təhlildə qeyd olunur.

Bəs Ukraynada müharibə gedə-gedə seçki mümkündürmü? Müharibə daha bir il davam etsə, Rusiyanı nə gözləyir?

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuzun “Yeni Müsavat”a bildirdiyinə görə, Ukraynanın müharibə dövründə seçki keçirməsi təkcə hüquqi yox, həm də hərbi baxımdan doğru deyil: “Məşhur bir aforizm var: "Aşırımı keçərkən, atı dəyişməzlər". Bu atalar sözünün mənası odur ki, bir vacib işi bitirmədən onu həyata keçirmə şəraitini dəyişdirmək arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Məhz bu səbəbdən ABŞ-nin özü II Dünya müharibəsi dövründə Ruzveltin 4-cü dəfə prezident seçilməsinə razı olmuşdu. Halbuki o vaxta qədər ABŞ-nin bütün prezidentləri ən çoxu 2 dəfə eyni posta seçilə bilirdilər və müharibədən sonra da bu ənənəni indiyədək davam etdirirlər. Ruzveltin 4-cü dəfə prezident seçildiyi vaxt ABŞ-dəki vəziyyəti Ukraynanın indiki durumu ilə müqayisə etmək olmaz. O dövrdə müharibə ABŞ-dən kənarda gedirdi. Dolayısıyla amerikalıların seçki keçirmək imkanları var idi. Ukrayna üçün eyni sözləri demək isə mümkün deyil. Ukrayna müharibə poliqonuna çevrilib və burada seçki keçirmək çox risklidir. Başlıca risklərdən biri Rusiyanın bu seçki prosesinə müdaxiləsi ehtimalıdır. Sirr deyil ki, Ukrayna xalqı 4 ildir davam edən müharibədən yorulub. Rusiyanın müxtəlif vasitələrlə Ukrayna xalqına təsir etmək imkanları var. 

Digər tərəfdən, Ukrayna xalqının mühüm hissəsi ölkədə deyil. Milyonlarla vətəndaş xarici ölkələrdə məskunlaşıb. Onların seçkilərdə iştirakını təmin etmək asan deyil. 

Ən əsası, seçkilər nəticəsində Zelenskinin yerinə keçəcək naşı bir namizədin qazanması müharibənin taleyinə mənfi təsir göstərə bilər. Hər halda, 4 illik müharibənin əvvəlindən indiyədək prezident postunda əyləşmiş insanla yeni seçilən ölkə başçısının təcrübəsi eyni olmaya bilər. Nəticədə Ukrayna sülh danışıqlarına təsadüfi liderlə getmək məcburiyyətində qala və ən həlledici məqamda doğru qərarlar verməyə bilər. Bütün bu və bənzər amillərlə müharibə şəraitində seçkilərə getmək məqsədəuyğun deyil. Ukraynanı buna məcbur etmək müharibəni uduzmağa sürükləmək deməkdir".

Rusiyanın iqtisadi vəziyyətinə gəlincə, Heydər Oğuzun fikrincə, şimal qonşumuz xüsusilə bu ildən etibarən müharibənin ağır nəticələrini hiss etməyə başlayıb: “Rusiya rəsmiləri statistik məlumatları artıq gizlətmirlər. Mütəxəssislərin iddialarına görə, Rusiya 2025-ci ilin ortalarından etibarən kapital və işçi qüvvəsi çatışmazlığı ilə üzləşməyə başlayıb. Uzunmüddətli hərbi əməliyyatlar ölkənin inkişafı üçün lazım olan dövlət investisiya proqramlarının həyata keçirilməsinə mane olur. Qərb ölkələri tərəfindən, xüsusən də hərbi və mədən sənayesi üçün həlledici olan texnologiyalara qarşı sanksiyaların davam etdirilməsi Rusiya hakimiyyətinin gələcəkdə iqtisadiyyatı bərpa etməsini də çətinləşdirəcək. 

Statistik məlumatlara inansaq, Rusiyanın ən gəlirli dövlət şirkəti “Qazprom” öz dəyərinin 75%-ni itirib. Rusiya hökumətinin xarici şirkətlərdən aldığı vergi gəlirləri də 75% azalıb. Rusiya iqtisadiyyatının çoxsaylı sektorları 90% dağılıb, enerji ixracı gəlirləri 50% azalıb. Bu da onun ÜDM-nin artımını azaldıb: keçən il ölkənin ÜDM artımı 4,1% idisə, bu il 1,8%-ə enib və s. Müharibə uzandıqca, təbii ki, Rusiya iqtisadiyyatı daha çox itirir. Bəzi hesablamalara görə, Ukraynadakı müharibənin hər günü Rusiyaya 500 min-1 milyard dollara başa gəlir. 

Bununla belə, SSRİ dövründən iqtisadi tənəzzüllərə alışmış Rusiya iqtisadiyyatı bu kimi problemlərə sinə gərmək qabiliyyətlərinə də yiyələnib. Odur ki, Rusiyanı yalnız iqtisadi tənəzzüllə çökdürmək də mümkün deyil. Avropa dövlətləri bir araya gəlib, rifahlarına bir az haram qatmalı və Rusiyanı yaralayan Ukraynaya ciddi dəstək verməlidirlər. Əks halda, Rusiya bu böhrandan çıxacaq və ucuz enerji bazarını itirən Avropanın özü ağır vəziyyətə düşəcək. Beləcə, Rusiyanın təzyiqləri ilə üzləşəcək".

Heydər Oğuzun fikrincə, avropalılar nə qədər Rusiya ilə qarşı-qarşıya gəlməkdən qaçsalar da, əvvəl-axır onunla üzləşməli olacaqlar: “Ya da öz cəsarətsizliklərindən Tramp hakimiyyətinin hazırladığı "Milli təhlükəsizlik strategiyası-2025" adlı doktrinada da qeyd edildiyi kimi, bir mədəniyyət kimi dünya tarixindən silinəcəklər".  

E.MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR