İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda İŞ saatları dəyişir? – Çevik iş rejimi NƏ vəd edir...

706 21.07.2026 15:16 Sosial A A

Azərbaycanda əmək bazarında mühüm dəyişikliklərə hazırlıq gedir. Hökumətin təsdiqlədiyi "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı" çərçivəsində ölkədə beynəlxalq təcrübəyə uyğun çevik iş vaxtı rejiminin tətbiqi nəzərdə tutulur.

Yeni model işçilərə həftəlik 40 saatlıq iş normasını qorumaq şərtilə iş gününün başlanğıc və bitmə saatlarını müəyyən çərçivələr daxilində seçmək imkanı yaradacaq. Rəsmi izaha görə, bu sistem iş və şəxsi həyat arasında balansın qorunmasına, əmək məhsuldarlığının artırılmasına və müasir əmək bazarının tələblərinə uyğun iş münasibətlərinin formalaşdırılmasına xidmət edəcək.

Bəs çevik iş rejiminin tətbiqi Azərbaycanda əmək bazarına necə təsir göstərəcək? Bu model işçilərin hüquqlarını gücləndirəcək, yoxsa əlavə problemlər yaradacaq? Ümumiyyətlə, hazırkı Əmək Məcəlləsi çevik iş vaxtının tətbiqinə nə dərəcədə imkan verir, yoxsa qanunvericilikdə ciddi dəyişikliklərə ehtiyac var?

Mövzu ilə bağlı Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Musavat.com-a danışıb: “Bununla bağlı Məşğulluq Strategiyasının ikinci Tədbirlər Planının 2.9-cu bəndində sadəcə bir müddəa yer alıb ki, beynəlxalq təcrübə araşdırılacaq. Əslində isə belə bir araşdırma üçün 5 ilə ehtiyac yoxdur. Yəni bunu süni intellektə tapşırsalar, 5-6 dəqiqə ərzində tam məlumat təqdim edər. Bu, sadəcə tədbirlər planında nəzərdə tutulmuş bir bənddir”.

Taleyimə dünyanı gəzmək yazılıbmış" - Sahib Məmmədov ilə müsahibə

Sahib Məmmədovun fikrincə, yeni Əmək Məcəlləsi qəbul olunsa, bu məsələni tənzimləmək daha asan olar: “Bizim Əmək Məcəlləsində müxtəlif iş rejimləri nəzərdə tutulur. Məsələn, bir növbəli iş rejimi var, iki növbəli, üç növbəli var, növbəli və növbəsiz iş rejimləri mövcuddur. Bunlar da əsasən 8 saatlıq iş vaxtı əsasında müəyyən olunur. Elə sahələr var ki, orada iş vaxtı 8 saatdan da azdır. Məsələn, zərərli əmək şəraiti olan iş yerlərində belə hallar tətbiq edilir. Amma çevik iş rejimi bizim Əmək Məcəlləsində öz əksini tapmayıb. Bunu Əmək Məcəlləsinə daxil etmək üçün xeyli fəsillər əlavə etmək lazım gələcək. Bunun necə ediləcəyini bilmirəm. Əslində isə yeni Əmək Məcəlləsi qəbul olunsa, bu məsələni tənzimləmək daha asan olar”.

Sahib Məmmədov həmçinin vurğulayıb ki, bütün ölkədə, bütün iş yerlərində çevik iş qrafikinin tətbiq olunacağı ilə bağlı fikirlər yanlışdır: “Çevik iş qrafiki, yəni bunu sadə dillə desək, o deməkdir ki, hansısa iş yerində müəyyən işləri və ya vəzifələri çevik iş qrafikinə keçirmək mümkündür. Amma burada bəzən məsələni yanlış anlayırlar. Elə təsəvvür yaranır ki, guya bütün Azərbaycanda, bütün iş yerlərində çevik iş qrafiki tətbiq olunacaq. Bu isə mümkün deyil. Hər hansı işəgötürən, məsələn, özəl sektorda, heç bir qanun dəyişikliyi olmadan da bu gün çevik iş qrafiki tətbiq edə bilər və buna görə heç kim ona irad tutmayacaq. Əsas şərt odur ki, işçinin hüquqları pozulmasın, o, normadan artıq işlədilməsin, əməyin ödənişində və digər əmək hüquqlarında problem yaranmasın.

Çevik iş qrafiki nədir? İşçi müəyyən iş günü ərzində əmək funksiyasına aid olan işləri yerinə yetirməlidir. Amma bunu ciddi və sabit rejim əsasında etməyə məcbur deyil. Məsələn, saat 09:00-da gəlsin, saat 13:00-da nahar fasiləsinə çıxsın, saat 14:00-da qayıtsın, 14:00-dan 18:00-dək işləsin və saat 18:00-da işdən çıxsın – söhbət məhz bu klassik rejimdən getmir. Çevik iş qrafikində ona tapşırılan işi müxtəlif vaxtlarda yerinə yetirmək imkanı olur. Misal üçün, bir gün səhər tezdən gəlməsi lazım gələr və gəlib işini görər, digər gün isə günortadan sonra işləyər.

Jurnalistika sahəsində bu, xüsusilə zəruri olan məsələlərdəndir. Jurnalist gün ərzində müəyyən materiallar hazırlayıb təqdim etməlidir və buna uyğun olaraq iş qrafikini də özü müəyyənləşdirə bilir. Yəni, burada əvvəlcədən müəyyən edilmiş sabit iş rejimi yoxdur. Faktiki görülən işin həcminə uyğun olaraq daha sərbəst iş qrafikinin tətbiqindən söhbət gedir”.

Sahib Məmmədov bu gün artıq Azərbaycanda belə sistemi tətbiq edənlərin olduğunu deyib: “Dövlət sektorunda bu, bir qədər çətindir. Çünki Nazirlər Kabineti müəyyən etməlidir ki, hansı işlər çevik iş rejiminə aid edilə bilər. Amma özəl və kommersiya qurumlarında bununla bağlı ciddi problem yoxdur. Problem yalnız ondan ibarət ola bilər ki, məsələn, işçi müqavilədə göstərilən vaxtda iş yerində olmasın və həmin vaxt hansısa bədbəxt hadisə baş versin. Bu zaman həmin hadisənin sığorta hadisəsi sayılıb-sayılmayacağı kimi hüquqi məsələlər ortaya çıxır. Bu isə kifayət qədər geniş mövzudur. Onun izahına başlasam, ayrıca böyük bir material alınar. Qalan məsələlərdə isə kommersiya qurumlarının bununla bağlı ciddi problemi yoxdur. Məsələn, media təşkilatlarının çoxunda, mənim bildiyim qədər iş prosesi elə bu prinsiplə təşkil olunub. Yaxud bir sıra digər kommersiya qurumlarında da bu cür iş sxemini elə bu gün tətbiq etmək mümkündür.

Yəni bu, daha çox perspektiv üçün nəzərdə tutulmuş bir məsələdir. Onsuz da əmək bazarında o qədər sürətli dəyişikliklər gedir ki, 3-5 ildən sonra ümumiyyətlə, iş rejimi anlayışı da tamamilə dəyişəcək. Artıq görürsünüz ki, məsafədən işləmə ilə bağlı anlayış Əmək Məcəlləsinə daxil edilib. İndi də gözlənilir ki, növbəti mərhələdə çevik iş qrafiki ilə bağlı da Əmək Məcəlləsində müvafiq müddəalar nəzərdə tutulsun. Bu, sadəcə, Tədbirlər Planında yer alan tədbirlərdən biridir. Bir daha deyirəm, həmin sənəddə əmək bazarına ciddi təsir göstərə biləcək 50-dən çox mühüm tədbir nəzərdə tutulub. Məncə, diqqət daha çox məhz həmin məsələlərə yönəldilməlidir”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR