Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Novorossiysk limanında dəniz hücumu təşkil edərək daha bir unikal xüsusi əməliyyat keçirib.
Musavat.com Unian-a istinadən xəbər verir ki, tarixdə ilk dəfə olaraq, Sub Sea Baby sualtı dronları Rusiyanın 636.3 sinifli Varshavyanka sualtı qayığını (NATO-nun hesabat adı: Kilo) partladıb.
Bu, SBU-nun 13-cü Hərbi Əks-Kəşfiyyat Baş İdarəsi və Ukrayna Hərbi Dəniz Qüvvələrinin birgə əməliyyatı olub. SBU mətbuat mərkəzinin məlumatına görə, sualtı qayıq partlayış nəticəsində ciddi ziyan görüb və faktiki olaraq sıradan çıxıb.
Qeyd olunur ki, sualtı qayıqda düşmənin Ukraynaya zərbə endirmək üçün istifadə etdiyi Kalibr qanadlı raketləri üçün dörd buraxılış qurğusu yerləşdirilibmiş.
SBU bildirib ki, Varshavyanka sinifli sualtı qayığın dəyəri təxminən 400 milyon dollar təşkil edir: "Tətbiq edilən beynəlxalq sanksiyalar nəzərə alınmaqla, oxşar sualtı qayığın tikintisi hazırda 500 milyon dollara başa gələ bilər. Bu sinif sualtı qayıq, gövdəsinin səsi udmaq və sonar tərəfindən aşkarlanmamaq qabiliyyətinə görə "Qara Dəlik" kimi də tanınır".
Politoloq Şahin Cəfərlinin sözlərinə görə, bu, tarixdə ilk belə hadisədir: "Bu layihəyə sovet dövründə, 1970-ci illərdə başlanıb və əsasən Varşava Müqaviləsi Təşkilatı ölkələrinə göndərmək üçün nəzərdə tutulduğundan "Varşavyanka" adı verilib. Eni 10 metr, uzunluğu 74 metr olan bu tip sualtı qayıqlar 300 metrə qədər dərinlikdə 45 sutka avtonom hərəkət edə bilir. İçərisində "Kalibr" qanadlı raketləri üçün 4 buraxıcı qurğu var. Bundan başqa, sualtı qayıq torpedolar və minalarla silahlanıb.
Ukrayna ordusu bundan əvvəl daha bir "Varşavyanka" tipli sualtı qayığı məhv edib. 2024-cü ilin avqustunda Sevastopol buxtasında təmirə dayanmış "Rostov-na-Donu" adlı gəmi raket zərbələri ilə batırılıb".
Musavat.com






