Məlum olduğu kimi, iyunun 25-26-da Polşada Ukrayna Bərpa Konfransı (URC2026) keçirilib.
Musavat.com xarici mənbələrə istinadən xəbər verir ki, builki konfransda 5 minə yaxın iştirakçı bir araya gəlib. Tədbirdə 60-dan çox ölkənin müxtəlif səviyyəli nümayəndə heyəti, 30-dan artıq beynəlxalq təşkilat, çoxsaylı biznes təmsilçiləri iştirak edib. Mənbələr yazırlar ki, sahibkarlar üçün Ukraynanın bərpası, təkcə dağıdılmış infrastrukturun yenidən qurulması deyil, həm də yeni keyfiyyət standartlarının formalaşdırılması deməkdir. Onlar vəziyyətə praqmatik yanaşır və uzunmüddətli perspektivi əsas götürürlər.

Ukraynanın baş naziri Yuliya Sviridenko konfransdan sonra bildirib ki, əsas nəticə ümumi dəyəri 10 milyard avrodan çox olan 160 müqavilənin imzalanması olub.
Ekspertlərin fikrincə, konfranslar sayəsində beş il ərzində müxtəlif öhdəliklər üzrə 210 milyard dollardan çox vəsait əldə olunub. Hesablamalara görə, Ukraynanın müharibədən sonrakı yenidənqurulması prosesi üçün on il ərzində ən azı 588 milyard dollara ehtiyac var və bu məbləği toplamaq asan məsələ olmayacaq.
Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da konfransda iştirak edib. Nazir Azərbaycanın Ukraynaya göstərdiyi davamlı humanitar dəstəkdən danışarkən bildirib ki, humanitar yardımların çatdırılması, ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarının həyata keçirilməsi və müharibədən zərər çəkmiş icmaların bərpasına yönəlmiş layihələr davam edir.
Ceyhun Bayramov Azərbaycanın Ukraynaya humanitar dəstəyini bundan sonra da davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.
XİN-dən Musavat.com-a bildirilib ki, Azərbaycan Ukraynaya dərman preparatları, ərzaq, elektrik avadanlıqları və s. daxil olmaqla, humanitar, həmçinin bərpa və yenidənqurmaya dəstək məqsədli ümumilikdə 50 milyon ABŞ dolları dəyərində yardım göstərib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ukrayna ilə yaxşı münasibətlərimiz olub. O, vurğulayıb ki, Ukraynada böyük Azərbaycan diasporu var, ölkəmizdə də çox sayda ukraynalı yaşayır:
“Bizim mədəniyyətlərimizdə, dünyəvi məsələlərə baxışımızda ortaq nöqtələr çoxdur. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Rusiya ilə müharibənin tezliklə başa çatacağına ümid edirik və bu istiqamətdə öz töhfəmizi verməyə hazırıq. Aydın məsələdir ki, müharibə nə zamansa başa çatacaq. Ukraynanın bərpası çox böyük vəsait və resurslar tələb edir. Dünya bu məsələdə öz köməyini göstərməyə çalışır. Bu prosesdə Azərbaycan da iştirak etməyə hazırdır. Azərbaycan Ukraynaya humanitar yardım göstərir. Ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası üçün hər cür şərait yaradılır. Ukrayna Prezidentinin bir müddət əvvəl Azərbaycana səfəri də iki dövlət arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir.
Ukraynanın Bərpası Konfransında iştirak etməklə Azərbaycan beynəlxalq hüquq normalarına bağlılığını, digər ölkələrin ərazi bütövlüyünü tanıdığını və humanitar layihələrdə hər zaman iştirak etdiyini bir daha nümayiş etdirir”, deyə deputat bildirib.
Nigar Həsənli
Musavat.com






