Ukrayna ordusunun Rusiya ərazisindəki neft emalı və neft-logistika obyektlərinə zərbələri noyabr ayında tarixi maksimuma yüksəlib.
Musavat.com xəbər verir ki, Bloomberg-in məlumatına görə, ay ərzində ən azı 14 hücum qeydə alınıb ki, bu da avqustdakı 12 zərbəni geridə qoyaraq yeni rekord deməkdir.
Hücumlar əsasən strateji NEZ-ləri hədəfləyib. Krasnodar yaxınlığındakı Afipsk neft emalı zavodu zədələnib, Ryazan NEZ-i isə ayın ortalarından dayanmaq məcburiyyətində qalıb — qurğuların biri tam sıradan çıxıb.
Qara dəniz logistikasına da ciddi zərbələr endirilib. Ukrayna dörd neft terminalına hücum edib və Novorossiyskdə neft yüklənməsi bir neçə gün tam dayanıb.
Ayın sonunda Ukraynanın dəniz dronları sanksiya altındakı iki tankeri vurub. Ekspertlər bunun Moskvanın neft marşrutlarına əlavə təzyiq yaratdığını bildirirlər.
Musavat.com






