İnsanlara hürriyət, millətlərə istiqlal!

Ümummilli Lider Heydər Əliyevin Belçika və Lüksemburq səfərlərinin pərdəarxası - İlk dəfə filmdə - FOTOLAR, VİDEO

879 16.12.2025 21:20 Ölkə A A

Dekabrın 16-da Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Belçika və Lüksemburqa rəsmi səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə - Belçika və Lüksemburq” sənədli filminin təqdimatı olub.

Musavat.com xəbər verir ki, gecədə Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin rəsmiləri, tanınmış ictimai xadimlər iştirak ediblər.

Layihə rəhbəri, tanınmış səyyah və jurnalist Azər Qərib ekran əsəri barədə məlumat verərkən bildirib ki, bu film tamaşaçılara Ümummilli Lider Heydər Əliyevin Avropanın əsas siyasi təşkilatlarının qərargahlarının yerləşdiyi Belçika və Lüksemburqa rəsmi səfərinin qeyri-rəsmi tərəflərini göstərir. O qeyd edib ki, filmdə, eyni zamanda Ulu Öndərin Azərbaycan ilə bu məşhur Avropa ölkələri və təşkilatları arasında dostluq əlaqələrinin formalaşmasında oynadığı xüsusi rol barəsində tarixi faktlar təqdim olunur.

Qeyd edək ki, bu, Ümummilli Lider Heydər Əliyevin səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə” filmlər toplusundan artıq 7-ci filmdir. Buna qədər yaradıcı heyət Ulu Öndərin İtaliya, Çin, Yaponiya, Türk dünyası, Böyük Britaniya və Fransa səfərləri haqqında filmlər hazırlayıb. Bu filmlər toplusu Heydər Əliyevin beynəlxalq səviyyədə fəaliyyətini, Azərbaycanın dünya dövlətləri ilə əlaqələrini gücləndirmək üçün gördüyü işləri və ölkəmizin beynəlxalq nüfuzunu artırmaq üçün atdığı addımları əks etdirir.

İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev, montaj üzrə mütəxəssis Elmar Tariyeloğlu daxildir.

Film milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları”nın (AZAL) dəstəyi ilə ərsəyə gəlib.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR