İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələri ilə bağlı ekspertlər və media nümayəndələri üçün məlumatlandırma sessiyası keçirilib.
Musavat.com bildirir ki, təqdimat zamanı elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev geniş təqdimatla çıxış edərək tədqiqatın məqsədləri, metodologiyası və ilkin nəticələri barədə məlumat verib.
Onun sözlərinə görə, IELS 2025 erkən yaş dövründə uşaqların savadlılıq, riyazi bacarıqlar, icraedici funksiyalar və sosial-emosional inkişaf göstəricilərini ölçməklə yanaşı, ailə mühiti və məktəbəqədər təhsil amillərini də qiymətləndirir.
Tədqiqat çərçivəsində Bakı şəhərindən 138 ümumtəhsil və 48 məktəbəqədər təhsil müəssisəsi, Sumqayıt şəhərindən isə 15 ümumtəhsil və 7 məktəbəqədər təhsil müəssisəsi olmaqla, ümumilikdə 208 təhsil müəssisəsi iştirak edib.
IELS 2025-in əsas mərhələsində Bakı və Sumqayıt üzrə 2731 beş yaşlı uşaq qiymətləndirməyə cəlb olunub. Sorğu mərhələsində isə 2689 təhsilverən iştirak edib. İştirakçıların 47,9 faizini qızlar, 52,1 faizini isə oğlanlar təşkil edib.
Açıqlanan nəticələrə əsasən, Azərbaycanın göstəriciləri belə olub:
Savadlılıq: 482.51 bal
Riyazi bacarıqlar: 520.39 bal
Beynəlxalq müqayisədə Koreya (savadlılıq 543.71, riyaziyyat 546.70), İngiltərə (534.86 və 515.63) və Niderland (497.06 və 489.11) kimi ölkələr daha yüksək nəticələr göstərib. Orta beynəlxalq göstərici isə təxminən 501 bal ətrafında qeydə alınıb.
IELS 2025 tədqiqatına Azərbaycanla yanaşı Braziliya, Belçika (Flamand icması), Koreya, Malta, Niderland və Birləşmiş Ərəb Əmirlikləri də daxil olub.
Şahanə Rəhimli
Musavat.com






