1867-ci ildə Rusiyanın Alyaskanı 7,2 milyon dollara satmasından fərqli olaraq, 1920-ci illərin əvvəllərində ABŞ-nin Kamçatkanı sovet Rusiyasından almaq təşəbbüsünə dair hekayətdən çox az adam məlumatlıdır. Həmin vaxt amerikalı sahibkarlar Kamçatkanı bolşeviklərdən icarəyə götürməyə, hətta satın almağa cəhd ediblər.
Məsələnin kökünə gələndə ABŞ-nin Kamçatkaya marağı heç nədən yaranmayıb. Alyaskanın alınmasından sonra amerikalı balıqçılar Sakit okeanın şimalında işlərini fəal şəkildə inkişaf etdiriblər. XIX əsrin sonlarında əcnəbilər, əsasən amerikalı sahibkarlar və brakonyerlər yarımadanın sahil xəttinə nəzarət ediblər, balina ovalayıblar, morjların, samurların və suitilərin populyasiyalarını, demək olar ki, tamamilə məhv ediblər.
![]()
Amerikalı sənayeçilər də Klondaykdakı uğurları eşidib yeni qızıl yataqları tapmaq ümidi ilə əraziyə geoloji ekspedisiyalar göndəriblər. Nəticədə Amerikadakı varlılar ucqar rus yarımadasının təbii potensialı barədə müfəssəl məlumat toplayıblar. Odur ki, 1920-ci ildə Leninə ünvanlanmış qeyri-adi məktub gəlib. Bu məktubu amerikalı iş adamı Vaşinqton Beyker Vanderlip yazıb.
O, gələcək prezident Uorren Hardinqin adından fəaliyyət göstərdiyini iddia edib (Hardinq sonra bunu inkar edib) və ABŞ-nin maliyyə elitası ilə əlaqələrini olduğunu iddia edib. Məktubda əsas təklif sonda qeyd olunub: Kamçatkanı ABŞ-yə satmaq. Vanderlip həm də Leninə o vaxt Rusiyanın şərqinin bir hissəsini işğal edən Yaponiya ekspansiyasına qarşı birgə müqavimət sözü verib. Üstəlik, o, icarəyə deyil, satışda israr edib.
Digər tərəfdən, Vanderlipin şəxsi marağı başa düşüləndir: XIX əsrin sonlarında o, Kamçatkada uğursuz qızıl axtarışından sonra daha vacib, potensial neft yataqları haqqında məlumat əldə edib. O, 1917-ci il inqilabından sonra Rusiyada mərkəzi hökumətin zəifliyindən istifadə edərək, Los-Ancelesdən olan iş adamları sindikatının dəstəyi ilə bu layihəyə qayıtmağa ümid edib.
![]()
1920-1922-ci illərdə Uzaq Şərqdə vəziyyət olduqca ağır olub. Yaponiya ilə birbaşa müharibənin qarşısını almaq üçün Moskva rəsmi olaraq Kamçatkanın daxil olduğu bufer dövlət - Uzaq Şərq Respublikası (FER) yaradıb. Lakin bolşeviklərin bölgəyə tam nəzarəti yenə də mümkün olmayıb. Onların bu nəzarəti tezliklə bərpa edə biləcəkləri də sual altında olub.
Buna görə də, Lenin satış ideyasını rədd etsə də, prinsipcə “50 il müddətinə uzunmüddətli icarə” ilə razılaşıb. Müqavilə layihəsi müasir standartlara görə fantastik olub: o, təkcə mineral ehtiyatların işlənməsini və balıqçılıq sahələrinə çıxışı deyil, həm də Petropavlovsk-Kamçatsk yaxınlığında, Avaça körfəzində Amerika hərbi dəniz bazasının yaradılmasını nəzərdə tutub.
![]()
Lenin üçün bu, taktiki addım olub: gizli dəstək, habelə kapital və texnologiyaya çıxış əldə etmək üçün ABŞ-ni Uzaq Şərqdə Yaponiya ilə qarşıdurmaya çəkmək. Dekabrın 21-də Lenin yoldaşlarına izah edib: “Biz Amerikaya Kamçatkanı veririk, bu da əslində bizim deyil, çünki orada Yaponiya qoşunları yerləşdirilir. Hazırda biz Yaponiya ilə döyüşmək iqtidarında deyilik. Biz Amerika imperializmini Yaponiya imperializminə qarşı cəlb edirik. Biz artıq bu güzəştlər haqqında danışmaqla qalib gəldik. Hardinqin inauqurasiyasına qədər məsələni həll etmək mümkün deyil. Biz müqavilənin təfərrüatlı hazırlanması zamanı onu imzalamaqdan imtina etmək variantını özümüzdə saxlayırıq”.
Daha sonra, 1921-ci ilin martında ABŞ-nin yeni prezidenti Hardinq vəzifəsinin icrasına başlayıb, lakin Vaşinqton Vanderlipdən üz çevirib. Hardinq SSRİ-ni tanımaqdan imtina edib (bunu yalnız Ruzvelt 1933-cü ildə edib) və Kamçatka güzəştlərini müzakirə etməyib. Bankir Frank Artur isə “saxta” Vanderliplə heç bir əlaqəsinin olmadığını bəyan edib.
![]()
1922-ci ildə SSRİ hərbçiləri Uzaq Şərqdə ağqvardiyaçıları məğlub edib, Yaponiya qoşunlarını geri çəkib və Uzaq Şərq Respublikası ləğv edilib. Bölgəni itirmək təhlükəsi aradan qalxdığı üçün Amerikanın da dəstəyinə ehtiyac olmayıb. Digər tərəfdən, hökumət zəmanəti olmadan layihə hər iki tərəf üçün mənasız bir ideyaya çevrilib. Bütün hadisələr fonunda Vanderlipin özü də razılaşmanı həyata keçirmək üçün siyasi təsir rıçaqlarını itirdiyini anlayıb. Onun uzaq planlarını xatırladan yeganə şey Amerika mətbuatının ona verdiyi “Kamçatka xanı” ləqəbi olub.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün






