İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaşın "çıxarış" dərdi- İllərlə uzanan problemə daha bir ümid işığı...

926 19.06.2026 13:37 Ölkə A A

Azərbaycanda uzun illərdir minlərlə vətəndaşın üzləşdiyi əsas problemlərdən biri sənədsiz evlər məsələsidir. Rəsmi hesablamalara görə, ölkədə 500 mindən çox yaşayış evi müxtəlif səbəblərdən çıxarışsız və ya hüquqi statusu tam müəyyənləşməyən vəziyyətdə qalır. Nəticədə həmin evlərdə yaşayan insanlar qeydiyyat, vərəsəlik, kredit götürmək və əmlak üzərində digər hüquqlardan tam şəkildə istifadə etmək imkanından məhrum olurlar.

Mövzu yenidən Milli Məclisdə gündəmə gətirilib. Musavat.com xəbər verir ki, parlamentin bugünkü iclasında deputat Kamal Cəfərov sənədsiz evlər probleminin həlli üçün xüsusi proqram qəbul edilməsini və amnistiya elan olunmasını təklif edib. Onun fikrincə, bu addım həm yüz minlərlə vətəndaşın illərdir davam edən problemini həll edə, həm də dövlət büdcəsinə əlavə gəlirlər qazandıra bilər.

Türkiyədə tətbiq olunan "İmar Barış" modelini nümunə göstərən deputat hesab edir ki, riskli və strateji ərazilər istisna olmaqla, digər sənədsiz evlərə mərhələli şəkildə çıxarış verilməsi mümkündür. Bu təklif cəmiyyətdə də geniş müzakirələrə səbəb olub. Bəs sənədsiz evlərə amnistiya verilməsi uzun illərdir həllini gözləyən problemin köklü həlli ola bilərmi, yoxsa bu, yalnız müvəqqəti çıxış yoludur? Hansı kateqoriyadan olan sənədsiz evlərin leqallaşdırılması mümkün deyil?

Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlandı – Onlar mənzillə  vidalaşsın… - Turkustan.az

Mövzu ilə bağlı Musavat.com-a danışan daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, deputatın səsləndirdiyi təklifi dəstəkləyir:
“Əslində, problem təkcə məsələnin maliyyə tərəfi ilə bağlı deyil. Burada əsas məqam vətəndaşların Konstitusiya ilə təsbit olunmuş mülkiyyət hüquqlarının təmin edilməsidir. Yəni bu problemin arxasında bir çox fərqli aspektlər dayanır. Məsələnin illər boyu uzanması, davamlı şəkildə müzakirə olunması və köklü həllini tapmaması vətəndaşları gözləmə vəziyyətində qoyub. Əslində, problemin həllinə bir neçə prizmadan yanaşmaq lazımdır. Çünki burada təkcə şəhərsalma məsələləri deyil, digər amillər də rol oynayır. Mövzu kifayət qədər genişdir və növbəti müzakirələrimizdə bunun detalları üzərində daha ətraflı dayanmaq olar.

Mən deyərdim ki, bu cür tikililərin sayı 500 mindən də çoxdur. Lakin onların dəqiq sayını müəyyənləşdirmək çətindir. Çünki bu hesablamanı aparmaq üçün əlimizdə rəsmi resurs və ya dəqiq statistika yoxdur. Ümumiyyətlə, qanunsuz tikililər məsələsi ölkəmizdə yeni problem deyil. Bu məsələ hələ Sovet dövründən mövcuddur və müxtəlif zamanlarda fərqli səbəblərdən meydana gəlib. Sovet hakimiyyəti dövründə müəyyən formalarda ortaya çıxan bu cür tikililərə bəzən göz yumulsa da, zaman-zaman onların həlli istiqamətində müəyyən addımlar da atılırdı.

Sonrakı dövrdə, xüsusilə Sovet İttifaqının dağılması ərəfəsində ölkədə qaçqın və məcburi köçkün axını yarandı. Dövlət vətəndaşların yerləşdirilməsi üçün kifayət qədər resursa malik olmadığından bu prosesə yenidən müəyyən mənada göz yumuldu. Daha sonra, 1997-ci ildə verilən bəzi sərəncamlarla vətəndaşların xeyli hissəsinə ilkin sənədlər təqdim olunsa da, həmin dövrün qanunvericiliyinin xüsusiyyətlərinə görə bir çox sakin sənədləşmə prosesini sona çatdıra bilmədi. 2000-ci illərin əvvəllərində torpaqlar əsasən bələdiyyələrin idarəçiliyinə verildi və müxtəlif qərar və sərəncamlar əsasında vətəndaşlara yaşayış evləri tikmək üçün sənədlər təqdim olundu. Hazırkı dövrdə isə dövlətin sənədləşmə ilə bağlı tələbləri əvvəlki illərlə müqayisədə xeyli sərtləşib”.

Bununla belə, ekspert qeyd edib ki, son 5-6 il ərzində daşınmaz əmlak bazarında qiymətlərin 70 faizdən çox artması bu sahədə qazanc əldə etmək istəyən şəxslərin marağını artırıb: “Nəticədə müxtəlif dolayı yollarla yenidən bu növ əmlakların meydana çıxması müşahidə olunur. Beləliklə, Sovet dövründən bu günə qədər fərqli səbəblərdən formalaşmış, ilkin sənədləri olan və ya ümumiyyətlə heç bir sənədi olmayan çox sayda qanunsuz tikili mövcuddur. Xüsusilə, qeyd etmək lazımdır ki, Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş evlərin sayı kifayət qədər çoxdur. Respublikanın əksər bölgələrində torpaqların böyük hissəsi məhz kənd təsərrüfatı təyinatlı olduğundan, vaxtilə həmin ərazilərdə tikilmiş və hazırda da tikilməkdə olan evlərin əhəmiyyətli hissəsi bu kateqoriyaya daxildir”.

Ekspert yeniliyin hansı tikililərə şamil olunmayacağını da bildirib: “Yaxın gələcəkdə bu məsələ ilə bağlı müəyyən gözləntilər və yeniliklər olacaq. Lakin qanunla qadağan olunmuş mühafizə zolaqlarında yerləşən evlərin leqallaşdırılması qətiyyən mümkün olmayacaq. Məsələn, dəmir yolu xətlərinə 60 metrdən yaxın məsafədə tikilmiş evlər bu kateqoriyaya daxildir. Eyni zamanda mərkəzi kommunikasiya xətlərinin və kollektorların üzərində, meşə zolaqlarında, su hövzələrinin normativ ərazilərində qanunsuz şəkildə inşa olunmuş tikililər də leqallaşdırılmayacaq. Bundan başqa, yüksək gərginlikli elektrik xətlərinin altında salınmış evlərin də sənədləşdirilməsi nəzərdə tutulmur. Təbii ki, qaz və su xətlərinin mühafizə zolaqları da öz ölçü və xüsusiyyətlərindən asılı olaraq qadağan olunmuş ərazilər sırasına daxildir. Mərkəzi magistral avtomobil yollarının mühafizə zolaqlarına düşən sahələr də eyni status daşıyır. Bir sözlə, qanunvericiliklə qadağan edilmiş digər bu kimi ərazilərdə inşa olunmuş evlərin heç bir halda leqallaşdırılması mümkün olmayacaq”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR