Qəzzada atəşkəs sazişinin birinci mərhələsinin həyata keçirilməsində irəliləyişlər var.
Musavat.com xəbər verir ki, bu, ABŞ, Misir, Qətər və Türkiyə nümayəndələrinin Mayamidəki görüşünün nəticələrinə dair birgə bəyanatda əksini tapıb. Bəyanatın mətnini ABŞ-ın danışıqlardakı xüsusi nümayəndəsi Stiv Vitkoff Facebook-da paylaşıb. Sənədə əsasən, ABŞ, Misir, Qətər və Türkiyə nümayəndələri dekabrın 19-da Florida ştatının Mayami şəhərində Qəzza atəşkəs sazişinin birinci mərhələsinin həyata keçirilməsini qiymətləndirmək və ikinci mərhələyə keçidə hazırlıq məqsədilə danışıqlar aparıblar: "Birinci mərhələ humanitar yardımın genişləndirilməsi, girovların cəsədlərinin qaytarılması, qüvvələrin qismən geri çəkilməsi və hərbi əməliyyatların azaldılması da daxil olmaqla irəliləyişlə nəticələnib".
Həmçinin bildirilir ki, tərəflər "iki mərhələ üzrə müzakirələr zamanı Qəzzada "vahid hakimiyyət orqanının" himayəsi altında fəaliyyət göstərəcək bir idarəetmə orqanının yaradılmasının vacibliyini vurğulayıblar.
Bəyanatda qeyd olunur ki, tərəflər həmçinin regionda ticarət əlaqələri, infrastrukturun inkişafı və enerji əməkdaşlığının qurulması tədbirlərini müzakirə edib və "yaxın gələcəkdə keçid idarəetmə orqanı kimi Sülh Şurasının yaradılmasına dəstəklərini ifadə ediblər". Tərəflər vurğulayıblar ki, "ikinci mərhələyə keçmək üçün məsləhətləşmələr qarşıdakı həftələrdə də davam edəcək".
Musavat.com






