Xəbər verdiyimiz kimi bu gün Xalq artisti Rasim Balayev İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib. Bununla bağlı bir çox mədəniyyət xadimləri və sənətçilər sosial şəbəkələrdə paylaşım edib, əfsanə aktyora Alahdan rəhmət diləyiblər.
Musavat.com onlardan bir neçəsini təqdim edir:
Xalq artisti Afaq Bəşirqızı qeyd edib: "Bu gün Azərbaycan incəsənəti böyük bir sənətkarını itirdi, mən isə əziz dostumu. Rasim Balayev aramızdan getsə də, onun ruhu yaratdığı obrazlarda əbədi yaşayacaq. Allah rəhmət eləsin!"
Xalq artisti, muğam ustadı Alim Qasımov: "Əziz Rasim Balayev, sən təkcə böyük sənətkar deyil, həm də sadiq dost, dəyərli insan idin. Sənin yoxluğun dostların üçün sözlə ifadə olunmayan bir boşluqdur. Ruhun şad, məkanın cənnət olsun. Allah sənə rəhmət eləsin!"
Xalq artisti, müğənni Aygün Kazımova: "Çox ağır itki... Böyük sənətkarımız, Xalq artisti Rasim Balayevi itirdik! Allah rəhmət eləsin! Allah ailəsinə və sevənlərinə səbr versin!".
Əməkdar artist, aktrisa Dilarə Əliyeva isə Xalq artisti ilə birgə çəkildiyi "Cavid ömrü" filmindən fraqment paylaşaraq qeyd edib:
"Bu gün ürəyimi ağrıdan bir xəbər aldım... Azərbaycanın böyük sənətkarı, "Cavid ömrü" filmində tərəf müqabilim olmuş dəyərli Rasim Balayevin vəfatına çox üzüldüm.
Rasim müəllim səhnədə və həyatda nəcib, sakit və son dərəcə ziyalı bir insan idi. "Cavid ömrü" filmində onunla birgə çalişdığım günlər yaddaşıma həmişə xüsusi və isti xatirə kimi həkk olunub.
Rasim Balayev Azərbaycan kinosunun siması, bir məktəb, bir dövr idi. Belə sənətkarlar ölmür, onlar yaratdıqları obrazlarla, qoyduqları izlərlə yașayırlar. Onun itkisi Azərbaycan mədəniyyəti üçün böyük boşluqdur.
Ailəsinə, yaxınlarına, onu sevən hər kəsə dərin hüznlə bașsağlığı verirəm. Əlvida, Nəsimi... Əlvida, Babək... "
Xalidə Gəray,
Musavat.com






