2025-ci il ərzində ümumi su hövzələrinin bioloji ehtiyatlarının artırılması məqsədilə dövlət və özəl tərəfdaşlığı çərçivəsində müvafiq tədbirlər həyata keçirilib və təbii mühitə müxtəlif növ balıq buraxılışları təmin olunub. İl ərzində təbii mühitə 343 min ədəd nərəcinsli balıq, 255 min ədəd çəkikimilər, 2 milyon 160 min ədəd kütüm və 22 min ədəd Xəzər qızılbalığı buraxılıb.
Musavat.com xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev “Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər” mövzusunda keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, 2026–2028-ci illər üçün əsas hədəflər və planlaşdırılan tədbirlər çərçivəsində isə mövcud balıqartırma müəssisələrinin istehsal gücünün artırılması nəzərdə tutulur:
“Planlanan tədbirlərin nəticəsi olaraq illik körpə nərəcinsli balıq buraxılışının 1 milyon ədədə çatdırılması hədəflənir. Həmçinin proqnoz göstəricilərinə əsasən,gələn il 1 milyon ədəd kütüm (Rutilus kutum), 2 000 000 ədəd çəkikimilər (Cypriniformes) buraxılışı nəzərdə tutulur. Mərkəz yaranmamışdan əvvəl 2025-ci il üçün müəyyən olunmuş kvota Xəzər dənizinə 27 min 850 ton idi, bunun 12 min 951 tonu istifadə olunub. Daxili sular üçün ümumi kvota miqdarı 160 ton, istifadə olunmuş miqdar isə 90 tondur”.
Nigar HƏSƏNLİ,
Musavat.com






