Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.
Musavat.com xəbər verir ki, İdarə Heyətinin iclası YAP-ın Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədlərinin müəyyənləşdirilməsinə həsr edilib.
İclasda Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının üzvü seçilmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi məsələsinə baxılıb. YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ı MSK-da təmsil edəcək namizədlərin siyahısını İdarə Heyətinin müzakirəsinə təqdim edib.
Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Seçki Məcəlləsinə görə, MSK-nın hazırkı tərkibinin səlahiyyət müddəti aprelin 27-də başa çatır. MSK-nın yeni tərkibinin gələn həftə Milli Məclisdə təsdiqlənəcəyi gözlənilir.
Məzahir Pənahovun MSK üzvlüyünə namizədliyinin verilməsi isə Musavat.com-un iki həftə öncə yazdıqlarının təsdiqləndiyi hesab oluna bilər. Pənahovun növbəti 5 illiyə də MSK sədri olaraq saxlanacağını yazmışdıq.
Etibar Seyidağa,
Musavat.com






