Yeni Azərbaycan Partiyasının 33 illiyi ilə əlaqədar təntənəli yubiley tədbiri keçirilməyəcək. Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, deputat Azər Badamov bildirib.
Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ilinin tamam olması yubiley tarixi deyil. Bu baxımdan təntənəli şəkildə yubiley tədbirinin keçirilməsi nəzərdə tutulmayıb. Amma YAP-nın yerli təşkilatları partiyanın yarandığı gün ərəfəsində tədbirlər keçirir və onun uğurlu yoluna ekskursiya edilərək həmfikirlərlə geniş müzakirələr təşkil olunur", - o deyib.
Qeyd edək ki, 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini elan etmiş və Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə çağıran müraciət imzalamışdı. 24 oktyabr 1992-ci ildə isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə müsbət cavab vermiş və “91-lər”in təklifini qəbul etmişdi.
21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilib.
18 dekabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
YAP hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.
Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992-2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir.
Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə baş tutan prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib.
1995, 2000, 2005, 2010, 2015, 2020 və 2024-cü illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə 70 nəfərlə, 2024-cü ildə isə 68 nəfərlə təmsil olunub.
2024-cü ilin may ayına olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyasının 730 min nəfərdən çox üzvü var.
Yeni Azərbaycan Partiyasının deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, YAP-ın təsisində qəbul olunan proqramda bir neçə əsas məqsəd müəyyən edilmişdi. Partiyanın qarşısında duran əsas prioritetlər - müstəqilliyin möhkəmləndirilməsi, ərazi bütövlüyü və Qarabağ probleminin həlli, sosial-iqtisadi islahatlar, hüquqi, demokratik dövlətin və sivilizasiyalı cəmiyyətin qurulması idi:

“Dünya miqyaslı nəhəng siyasətçi Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan çox böyük nəticələrə səbəb oldu. Bu partiya tarixi zərurətdən meydana gələn siyasi qüvvə kimi ölkənin siyasi sistemində sabitlik faktoruna çevrildi. YAP-ın yaranması həmçinin ölkədə plüralizmə, siyasi təşkilatlanmaya və təşkilati mərkəzli siyasətin inkişafına təkan verdi. YAP müstəqil Azərbaycanın davamlı inkişafında mərkəzi rolu oynadı- sabitlik, iqtisadi infrastruktur, hüquqi dövlət və dövlət quruculuğu sahələrində partiya konseptual layihələr həyata keçirdi. Partiyanın təsis edilməsi tariximizin yeni inkişaf mərhələsinin başlanğıcı kimi qəbul edilir. 1992-ci il 21 noyabrda Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqilliyinin, siyasi plüralizmin və dövlət quruculuğunun yeni mərhələsinə keçid üçün vacib dönüş nöqtəsi oldu. YAP yalnız siyasi partiya olmaqla qalmadı, eyni zamanda müasir Azərbaycan dövlətinin formalaşmasında, sabitliyin təmin edilməsində və iqtisadi-sosial inkişafda aparıcı rol oynayan güclü qurum halına gəldi”.
Deputat qeyd etdi ki, Prezident İlham Əliyevin sədrliyi dönəmində Yeni Azərbaycan Partiyası daha da böyüdü, beynəlxalq əlaqələri genişləndi:
“Prezident İlham Əliyev həm dövlət başçısı, həm də partiya sədri kimi beynəlxalq arenada Azərbaycanın mövqeyini gücləndirməklə yanaşı, sədri olduğu partiya dünyanın bir çox dövlətlərinin nüfuzlu hakim partiyaları ilə əməkdaşlıq əlaqələri qurub. Bu proses YAP-ın beynəlxalq siyasətdə də müəyyən nüfuz qazanmasına kömək edir. Cənab İlham Əliyevin liderliyi altında YAP hakim partiya olaraq, milli maraqların beynəlxalq platformalarda təmsil olunmasında rol oynayır. Bu gün YAP ölkədə ən geniş təşkilati şəbəkəyə malik siyasi qüvvə kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin davam etdirilməsi, modernləşmə siyasətinin aparılması və Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmaq missiyasını davam etdirir”.
H.Babaoğlu bildirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi sisteminə eyni zamanda yeni bir siyasi mədəniyyət gətirdi:
“Yeni Azərbaycan Partiyası nizamnamə və proqram əsasında fəaliyyət göstərən, qanunun aliliyinə hörmət edən, qanundan kənar hər hansı bir davranışı qəbul etməyən bir siyasi qüvvədir. Bu da, əlbəttə ki, ölkənin siyasi mədəniyyətini formalaşdıran əsas amillərdəndir. Bu siyasət Azərbaycanın güclənməsinə, qüdrətlənməsinə yol açdı. Və nəhayət, biz bütün bu keyfiyyətlərin nəticəsi olaraq tarixi zəfərimizi əldə etdik. Partiyanın tarixi və fəaliyyəti əslində müstəqil Azərbaycan dövlətinin tarixi və inkişafıdır. Bununla hər bir partiya üzvü və Azərbaycan xalqı fəxr edə bilər. Tarixi zəfərdən sonra güclənən, qüdrətlənən Azərbaycan məhz Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, onun həyata keçirdiyi siyasət sayəsində öz gələcəyini təmin edir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






