Dünyanın ən böyük neft ixracatçılarından olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qlobal enerji bazarlarında kartları tamamilə yenidən paylayacaq və İranın regiondakı hərbi-strateji təsir rıçaqlarını darmadağın edəcək nəhəng bir layihənin düyməsinə basıb.
Musavat.com xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu "Financial Times" (FT) qəzetinin BƏƏ-nin Milli Neft Şirkəti "ADNOC"-un ticarət üzrə icraçı vitse-prezidenti Filipp Xuriyə istinadən yaydığı şok məlumata görə, rəsmi Əbu-Dabi strateji Hörmüz boğazından tamamilə yan keçəcək və müxtəlif növ yanacaq məhsullarını daşıyacaq tamamilə yeni, nəhəng bir boru kəməri tikməyi planlaşdırır. Bu strateji boru xətti ABŞ və İran arasında davam edən hərbi gərginlik fonunda Hörmüz boğazı Tehran tərəfindən tamamilə bağlansa belə, Əmirliklərə öz neft və neft məhsullarını dünya bazarlarına fasiləsiz və maneəsiz şəkildə ixrac etmək imkanı qazandıracaq. Hazırda Əmirliklərin Əbu-Dabidən Fuceyrə limanına qədər uzanan və gündəlik ötürücülük gücü 1,5 milyon barel olan bir neft kəməri mövcuddur, lakin qlobal ixrac üçün bu həcm qətiyyən kifayət etmir.
Üstəlik, Yaxın Şərqdəki kəskin hərbi münaqişə başladıqdan bəri Fuceyrə limanı müntəzəm olaraq dron və raket hücumlarına məruz qalır ki, bu da ixrac prosesini qorxulu və təhlükəli vəziyyətə salır. Məhz bu təhdidlərin qarşısını almaq üçün Fuceyrəyə qədər uzanacaq ikinci böyük neft kəmərinin tikintisi artıq sürətlə davam etdirilir və onun gələn il istifadəyə verilməsi gözlənilir. "FT"-nin yazdığına görə, benzin, dizel və aviasiya yanacağını birbaşa təhlükəsiz zonalara daşıyacaq və Hörmüz boğazını tamamilə oyun xaricində qoyacaq yeni boru kəməri isə "ADNOC" şirkətinin dərhal icra edəcəyi növbəti ən böyük geostrateji layihəsi olacaq.
Musavat.com






