Qüds səmasında qeydə alınan ballistik raket görüntüləri regionda onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirib.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda İran tərəfindən buraxıldığı iddia edilən raketin Qüds üzərində havada parçalandığı görünür.
İsrailə yaxın mənbələr raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirir. Onların iddiasına görə, raket şəhərə çatmamış zərərsizləşdirilib və ciddi dağıntının qarşısı alınıb.
Lakin alternativ versiya da sürətlə yayılır. Bəzi hərbi müşahidəçilər videodakı səpələnmə effektinin interceptor zərbəsi deyil, raketin kaset tipli döyüş başlığını açması ilə bağlı ola biləcəyini qeyd edirlər. Bu halda raket müəyyən hündürlükdə parçalanaraq çoxsaylı sub-mərmilər buraxa bilər.
Hazırda görüntülərin texniki analizi aparılır. Rəsmi qurumlar hadisənin dəqiq xarakteri barədə ətraflı açıqlama verməyib. İran tərəfi isə məsələ ilə bağlı konkret mövqe açıqlamayıb.
Ekspertlər bildirirlər ki, bu iki ssenarini – vurulma və ya kaset başlığın açılması – vizual olaraq ayırmaq çətindir və yalnız radar məlumatları və fraqment analizləri yekun nəticə verə bilər.
Musavat.com






