Ukrayna prezidenti Volodimir Zelenskinin aparat rəhbəri Andrey Yermak istefa verdikdən bir neçə saat sonra cəbhəyə getmək niyyətində olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, bu niyyətini o, "New York Post" qəzetinə göndərdiyi məktubda qeyd edib: “24 fevral 2022-ci ildən Kiyevdə olmağıma baxmayaraq, mən rüsvay oldum və ləyaqətim qorunmadı. Buna görə də Zelenski üçün problem yaratmaq istəmirəm: Mən cəbhəyə gedirəm. Mən cəbhəyə gedirəm və istənilən repressiyaya hazıram. Mən dürüst və ləyaqətli insanam. Mənə atılan çirkab məni qəzəbləndirir və həqiqəti bilənlərin dəstəyinin olmaması məni daha da qəzəbləndirir.
Mən Ukraynaya xidmət etmişəm və 24 fevral 2022-ci ildə Kiyevdə olmuşam. Bəlkə də bir-birimizi yenidən görəcəyik. Yaşasın Ukrayna!”
Qəzet qeyd edir ki, Zelenskinin keçmiş aparat rəhbəri cəbhəyə nə vaxt və necə getmək niyyətində olduğunu dəqiqləşdirməyib.
Xatırladaq ki, 10 noyabrda Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanları enerji sektorunda böyük bir korrupsiya sxemini aşkar etmək üçün "Midas Əməliyyatı" adlı genişmiqyaslı əməliyyat elan edib. Bu qalmaqal Ukrayna hökumətində dərin böhrana səbəb olub. 28 noyabrda korrupsiyaya qarşı mübarizə rəsmilərinin Yermakın mənzilində və ofisində axtarış apardığı bildirildi. O, özü də araşdırmanı təsdiqlədi. Zelenski daha sonra Yermakın istefa ərizəsi verdiyini açıqladı.
Musavat.com






