Mayın 24-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yenə də anşlaq yaşanırdı. "Zal qızı Zalxa" tamaşası başlamazdan xeyli əvvəl izdiham yaranmışdı. Kassanın önündə “əlavə yer yoxdur?” sualı ən çox eşidilən cümlə idi. Zalın dördüncü mərtəbəsində belə boş yer tapılmırdı. Sanki hamı bir səbəb üçün gəlmişdi – səhnədə yenidən Xalq artisti, sevimli aktrisa Afaq Bəşirqızını izləmək üçün.
Musavat.com xəbər verir ki, Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında hazırlanan “Zal qızı Zalxa” tamaşası bu dəfə də tamaşaçını həm güldürdü, həm də düşündürdü. Qeyd edək ki, rejissor Samir Qulamov klassik komediyanı müasir dövrün havasına uyğunlaşdırmağa çalışıb və bu detal tamaşanın demək olar ki, hər səhnəsində hiss olunurdu.
Hadisələr yenə polis məntəqəsinin müvəqqəti saxlama təcridxanasında baş verir. Amma bu dəfəki polis tamam başqadır. Səhnələrin birində polis Aslanın məşhur türk serialı “Aşkı memnu”ya baxması zalda xüsusi gülüş doğurdu. Zal qızı Zalxa isə artıq köhnə dövrün qadını kimi görünmür. O, bir səhnədə "TikTok"dan, sosial şəbəkələrdən danışır. Tamaşadakı atmacalar, bugünki gündəlik həyatdan götürülən ifadələr tamaşaçıların marağına səbəb olurdu.
Təbii ki, tamaşanın əsas yükünü yenə də Afaq Bəşirqızı daşıyırdı. Aktrisa səhnəyə çıxan andan alqışlanırdı. Onun mimikaları, improvizə etdiyi ani replikalar və tamaşaçı ilə qurduğu canlı əlaqə hiss olunurdu. Bəzi anlarda hətta aktyorların özlərinin gülüşünü gizlətməkdə çətinlik çəkdiyi görünürdü.
Tamaşada Bakək obrazını Əməkdar artist Əzizağa Əzizov, Nigar rolunu Prezident mükafatçısı Ülviyyə Əliyeva, polis Aslan obrazını Hüseyn Əlili, Həcər obrazını Gülcahan Salamova canlandırırdı. Polis Aslan rolunda Hüseyn Əlili xüsusilə müasir polis obrazını yumorla təqdim etməsi ilə yadda qaldı. Tamaşada həmçinin Türkel Tariqpeyma, Ofeliya Məmmədova, Gültac Əlili, Gülnarə Əzizova, Nərmin Əliyeva, Nigar Rüstəmova və Cəbrayıl Cəbrayılov da çıxış edirdi.
Səhnə dekorasiyası klassik polis bölməsini xatırlatsa da, dialoqlar və jestlər bu günün ritmini daşıyırdı. Elə buna görə də tamaşa təkcə yaşlı nəslin deyil, gənclərin də marağına səbəb olmuşdu.
Xatırladaq ki, “Zal qızı Zalxa”nın premyerası bu ilin yanvar ayında təqdim olunub. Afaq Bəşirqızı bu obrazı ilk dəfə 2007-ci ildə Əməkdar incəsənət xadimi Oruc İzzətoğlunun quruluşunda oynayıb.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com






