Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın 10 min Şimali Koreya əsgərinə raketlərə və müxtəlif növ dronlara qarşı mübarizə aparmaq üçün təlim keçdiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə o "Telegram"da yazıb:
"Onların müasir hibrid müharibə haqqında bilik əldə etmələri son dərəcə təhlükəlidir".
Zelenskinin sözlərinə görə, Şimali Koreya qoşunları raketlərə və müxtəlif növ dronlara, o cümlədən fiber-optik dronlara, FPV sistemlərinə və uzun mənzilli sistemlərə qarşı mübarizə aparmaq üçün təlim keçirlər.
"Onlar hazırda Rusiyada təlim keçirlər, çünki biz Rusiyanın hücumlarına cavab veririk. Onlar bu biliklərlə nə edəcəklər? Ən azından, bu təcrübəni və biliyi Şimali Koreyaya gətirəcəklər", - deyə Zelenski vurğulayıb.
Ukrayna mediası Şimali Koreya əsgərlərinin Ukrayna ilə həmsərhəd olan Rusiya bölgələrində yerləşdiyini bildirir. Onlar hazırda Ukrayna Müdafiə Qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmirlər, əksinə döyüşlərin getdiyi əraziləri minalardan təmizləyirlər.
Daha əvvəl bildirilib ki, Ukraynaya qarşı Rusiya tərəfində döyüşərkən təxminən 6000 Şimali Koreya əsgəri həlak olub və ya yaralanıb.
Musavat.com






