Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hava hücumundan müdafiə (HHM) sistemləri ilə bağlı üzləşdiyi ən böyük maneəni açıqlayıb.
Musavat.com xəbər verir ki, dövlət başçısı BBC News telekanalına verdiyi müsahibədə qeyd edib ki, bu gün Ukrayna üçün HHM məsələsi ən mürəkkəb və həlli çətin olan problemdir.
Zelenski qərbli tərəfdaşların Ukraynaya texnoloji lisenziyalar verməkdən imtina etdiyini bildirib: "Təəssüf ki, tərəfdaşlarımız hələ ki, bizə məsələn, "Patriot" sistemlərini özümüzün istehsal etməyimiz üçün və ya heç olmasa əlimizdə olan sistemlər üçün raket istehsal etmək üçün lisenziya vermirlər. Hələlik bu məsələdə uğur qazana bilməmişik".
Prezident vurğulayıb ki, müharibənin gedişatını dəyişməyin yolu Ukrayna səmasını tamamilə bağlamaqdan keçir. Onun sözlərinə görə, əgər mülki əhali və infrastruktur qorunarsa, iqtisadiyyat işləyəcək, uşaqlar məktəbə gedəcək və toplanan vergilər cəbhəyə yönləndiriləcək. "Bu, ordumuzu gücləndirməyin ən sürətli yoludur, lakin təəssüf ki, lisenziya və çatışmazlıq səbəbindən hələ də buna nail ola bilmirik", - deyə o əlavə edib.
Xatırladaq ki, Ukrayna rəhbərliyi artıq bir neçə aydır ki, ABŞ və digər müttəfiqlərindən hərbi sənaye kompleksinin yerli istehsala keçməsi üçün icazələr almağa çalışır, lakin Vaşinqtonun bu məsələdə "iqtisadi praqmatizm" nümayiş etdirdiyi bildirilir.
Musavat.com






