Ukrayna dövlətinin və xalqının taleyini beş illik səlahiyyət müddəti bitmiş birinin həll etməsi nə qədər qanunidir?
ABŞ prezidenti Tramp “Ukraynada prezident seçkisi keçirməyin tam zamanıdır. Onlar bundan qaçmaq üçün müharibədən istifadə edirlər”fikirini neçə aydır hər fürsətdə rusiyalı həmkları Vladimir Putin də səsləndirir. Mənə görə, hər ikisi doğru olanı deyirlər. Ukraynada növbəti prezident seçkisi 2024-cü ilin martında keçirilməli idi, lakin Zelenski hərbi vəziyyət və ölkənin ümumi səfərbərliyini əsas gətirərək onları ləğv etdi. Dövlət başçısı səsvermənin yalnız Rusiya ilə münaqişə başa çatdıqdan sonra keçirilməsinə tərəfdardır.
Təsəvvür edək ki, bu sürünən müharibə məsələn, daha 5 il də davam etdi. Ukrayna qanunları müharibə(hərbi) vəziyyətində seçki keçirməyi yasaqlayır, həm də bu başqa ölkələrdə də, uzağa getməyək, elə Azərbaycanda da belədir. Bəs Ukrayana müharibəsi uzanarsa, prezident seçkisinin(hökuməti müəyyənləşdirən Radaya seçkilərin 2023-cu ilin oktyabrında keçirilməli olduğunu da unutmayaq) necə olacaq?
![]()
Ukrayna dövlətinin və xalqının taleyini beş illik səlahiyyət müddəti bitmiş Zelenskinin həll etməsi nə qədər qanunidir? Bəs Ukrayna xalqının seçim hüququ nə olsun? Bunları gözardı etmək olar, amma müəyyən müddət sonra bunun adını bir nəfərin hakimiyyət diktaturası adlandıranların təkcə Tramp olmayacaq, bu fikirdə olanların sayı da, etirazlar edənlərin sırası da artacaq, hətta silahlı çevriliş təhlükəsi də yaranacaq. Afrikanın bəzi ölkələrində silahlı qiyamlar adətən, bir adamın təkbaşına hakimiyyəti zəbt etmək, seçki keçirməməsi səbəb olur. Aydındır ki, indilikdə Trampın Zelenskiyə “seçki keçir” çağırışı şantaja daha çox bənzəyir, Ağ Evin sülh şərtlərini qəbul etməyə hesablanıb.
![]()
Putin də son olaraq KTMT - nin iclasındam sonra Bişkekdə jurnalistlərə dedi ki, Zelenskinin seçkini hərbi vəziyyətə görə ertələməsi tutarlı arqument deyil, çünki Rusiya bu savaşda tərəf olsa da, prezident seçkisi keçirib. Amma Putin onu demir ki, müharibə səbəbindən Ukraynanı milyonlarla səsvermə hüququ olan şəxs tərk edib və dünyanın dörd bir yanına səpələniblər, prezident(parlament) seçkisində onların iştirakını təşkil etmək asan deyil və s. Putini onu da demir ki, Rusiyanın şəhərlərinə hücum Ukraynadakı kimi deyil, təkcə aktiv döyüşlərin getdiyi şərqdə deyil, paytaxt Kiyev də daxil ölkənin bir çox vilayətləri az qala hər gün kütləvi raket hücumlarına məruz qalır. Belə şəraitdə nəinki seçki keçirmək, heç evində rahat oturmaq belə mümkünsüzdür. Burdan belə bir nəticə də hasil olur ki, Zelenskinin hakimiyyətdə qalmasına dəstək verən təkcə Avropa liderləri deyil, elə bu siyahıda Putin də var. Zelenskini Prezident Ofisində həm də Putinin sülhə qarşı olan siyasəti saxlayır...
![]()
Seçki(lər) keçirmək mümkün deyilsə, prezidentin də səlahiyyət müddəti başa çatıbsa, Ukrayna qanunları yenə hüqiqi yolu müəyyən edib. Bu situasiyada prezidentin səlahiyyətləri Ali Radanın spikerinə keçməlidir. Çünki X günündə tərəflər hansısa şərtlərlə sülh və ya ona oxşar bir sənədi imzalayarlarsa, Zelenskinin atacağı imza keçərli, yəni legitim olmaya bilər. Putinə bunu da bir neçə dəfə deyib.
![]()
Biz Ermənistanla sülh sazişi imzalamaq haqda danışarkən, hansı arqumenti əsas gətiririk? Deyirik ki, Azərbaycan sülh sazişini son seçkilərdə qalib gəlmiş, legitimliyi ölkəsində şübhə doğurmayan Nikol Paşinyanla imzalamaq kimi qəbul etmirik, bunun Ermənistan dövləti adından hüquqi sənəd olmasını istəyirik. Niyə bunu qabardırıq? Çünki revanşistlər deyirlər ki, Paşinyan hakimiyyətdən gedən(və ya devrilsə) kimi onun Azərbaycanla imzaladığı sənədlərin legitimliyini tanımayacaqlar. Həm də bunu 2018-dən üzü bəri demək olar ki, bütün seçkilərdə uduzduqları siyasi lider haqda deyirlər. İndi kim təminat verə bilər ki, Zelenski məhz bu qeyri-legitimlik statusunda imzalayacağı hər hansı sənədi- lap Ukraynanın xeyrinə olsa belə- növbəti hakimiyyət dövlət adından hüquqi sənəd kimi tanıyacaq, legitimliyinə şübhə edib, razılaşmaların üstündən xətt çəkməyəcək. Yoxdur belə təminat.
Rusiya başqa bir dövlətin ərazisinə bəhanə ilə soxulub, ona görə qanun-qaydaya, hüquqa istinad edəndə gülünc görüünə bilər. Zelenskinin bu yerdə arqumentləri zəifdir, ona görə bu barədə açıq danışmaqdan çəkinir. Nə vaxtadək?
Nazim SABİROĞLU,
Musavat.com






