Polkovnik: “Ukrayna Ermənistana PUA satsa, bu, regionda sülhə xidmət etməz”
Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər də daxil olmaqla, bir neçə Yaxın Şərq ölkəsi ilə uzunmüddətli müdafiə müqavilələri üzrə razılaşmalar elan etdi. Onun sözlərinə görə, artıq regiondakı 11 ölkədən sorğular alınıb. Zelenskinin sözlərinə görə, Ukrayna silah satışında diqqətini Qafqaza da yönəldir. O əlavə edib ki, "dron sazişi" təşəbbüsü çərçivəsində Ukrayna silah ixracı ilə bağlı ən azı on razılaşma, eləcə də birgə istehsal xətlərinin yaradılmasını planlaşdırır.
Müharibə şəraitində olan bir ölkənin eyni zamanda silah ixracını genişləndirmək niyyəti ilk baxışda paradoksal görünə bilər. Yaxın Şərq ölkələri ilə əldə edilən razılaşmalar fonunda “diqqəti Qafqaza yönəldirik” mesajı isə daha çox diqqət çəkir.
Cənubi Qafqaz böyük silah bazarı olmasa da, strateji baxımdan son dərəcə həssas regiondur. Burada üç ölkə mövcuddur və onların hər biri fərqli geosiyasi orbitdə hərəkət edir. Bu səbəbdən Rusiya ilə müharibə edən Ukraynanın regionda silah bazarına daxil olmaq istəməsi təkcə iqtisadi deyil, həm də siyasi balanslara təsir göstərə bilər.
Azərbaycan son illərdə ordusunun texnoloji modernləşməsinə ciddi sərmayə qoyub və xüsusilə pilotsuz uçuş aparatları sahəsində sürətli inkişaf yolu seçib. Ukraynanın “dron sazişi” təşəbbüsü də məhz bu istiqamətlə üst-üstə düşür. Üstəlik, birgə istehsal modelləri Bakı üçün yeni deyil - bu təcrübə artıq mövcuddur və uğurlu hesab olunur. Bununla belə, Ukraynanın bu bazara daxil olması asan olmayacaq. Azərbaycan artıq hərbi texnologiyalar sahəsində Türkiyə və İsraillə sıx əməkdaşlıq edir. Kiyev burada yalnız fərqli texnoloji üstünlüklər və ya daha sərfəli şərtlərlə rəqabət apara bilər.
Digər potensial istiqamət Gürcüstan hesab oluna bilər. Amma Gürcüstan hakimiyyəti ilə Ukrayna arasında dərin uçurum var. Üstəlik, Tiflis daha çox NATO standartlarına inteqrasiya prosesinə fokuslanıb.
Ən mürəkkəb və ziddiyyətli istiqamət isə Ermənistan olaraq qalır. Ermənistan son dövrlərdə təhlükəsizlik sahəsində alternativlər axtarır və bu, nəzəri olaraq Ukrayna ilə əməkdaşlıq imkanlarını gündəmə gətirir. Lakin belə bir addım ciddi risklər daşıyır. İrəvana silah satışı Bakının narazılığına səbəb ola bilər və regionda onsuz da həssas olan balansı poza bilər. Qafqaz kiçik bazar olsa da, burada atılan hər addım daha böyük geosiyasi oyunun bir hissəsinə çevrilir.
Xüsusilə Ermənistana silah satışı Bakının narazılığına səbəb ola və regionda onsuz da həssas olan balansı poza bilərmi? Ümumiyyətlə, Cənubi Qafqaz ölkələrinin Ukrayna silahına ehtiyacı varmı? Ukraynanın eyni vaxtda bu üç ölkəyə silah sata bilməsi mümkündürmü?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, son zamanlar müharibə davam etdiyi bir vaxtda Ukraynanın hərbi sənayesi Avropanın və Amerikanın maliyyə dəstəyi ilə gücləndirilib. Xüsusilə PUA istehsalını genişləndiriblər və bu müsbət nəticələr verib: “Yəni Ukraynanın hərbi sənayesində kökündən dəyişiklik olub. Ukrayna dövlətinin qarşısında dayanan prioritetlərdən biri o idi ki, ölkənin sərbəst qanadlı ballistik raketləri, PUA-ları olsun. Buna qismən nail olublar. Yaxın Şərqdə baş verən hadisələr, ABŞ-nin İranla müharibəsi və İranın ərəb dövlətlərində yerləşən hərbi bazalarına zərbələr endirməsi həmin ölkələrin alternativ silahlar əldə etməsi istiqamətində addımlar atmasına gətirib çıxarıb. Ukraynanın uzunmüddətli müharibədə təcrübə qazanması və Rusiyanın İrandan əldə etdikləri PUA-ları aşkarlayıb məhv eləməsi göz qabağındadır. Azərbaycanın Ukrayna ilə münasibətləri yaxşıdır. İkinci Qarabağ müharibəsindən öncəki dövrdə Azərbaycan Ukraynadan sovetdən qalma silahlar, təyyarələr alıb. Hazırda isə Azərbaycanın özünün müdafiə sənayesi PUA-lar istehsal edir. Güman etmirəm ki, Ukrayna Ermənistana silah satsın. Əlbəttə ki, Ukrayna Ermənistana PUA-lar və digər bu kimi silahlar satsa bu, regionda sülhə xidmət etməz və həmçinin Azərbaycan-Ukrayna münasibətlərinə mənfi təsir göstərə bilər. Ukraynanın həm Azərbaycana, həm Ermənistana həmin silahları idxal edəcəyini güman eləmirəm. Düşünürəm ki, həmin silahlar nə Ermənistana, nə də Azərbaycana satılacaq. Ola bilsin ki, Gürcüstanla razılaşa bilsələr, onlara sata bilərlər”.
Polkovnik hesab edir ki, Ukrayna özü müharibə apardığı vaxtda xaricə kütləvi silah satmaq imkanlarına malik deyil. Silahlar, PUA-lar daha çox Ukraynanın özünə lazımdır.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






