Ermənistan rəhbərliyi neçə müddətdir ki, Türkiyə ilə 1993-cü ildən bağlanmış sərhəd qapılarının açılmasının həsrətindədir. Son zamanlar İrəvandan davamlı şəkildə İrəvana ismarıclar yollayan Nikol Paşinyan və komandası Ankaranın “yaşıl işıq” yandırmasını gözləyir.
Bu arada, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü bölgədə normallaşma prosesi ilə bağlı mühüm açıqlama verib. Musavat.com-un məlumatına görə, Öncü Keçeli bildirib ki, Ermənistan ilə 2022-ci ildən etibarən davam edən normallaşma prosesi çərçivəsində atılan etimad qurucu addımlar nəticəsində Azərbaycan ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixinə yekunlaşıb. Onun sözlərinə görə, iki ölkə arasında ortaq sərhədin açılması istiqamətində zəruri texniki və bürokratik işlər hazırda davam edir. Yeni qaydalara əsasən, Azərbaycandan üçüncü ölkə üzərindən Ermənistana göndərilən və ya eyni marşrutla geri gətirilən malların son təyinat və ya çıxış nöqtəsinin “Ermənistan/Azərbaycan” kimi göstərilməsi mümkün olacaq. Açıqlamada vurğulanıb ki, Cənubi Qafqazda davamlı sülh və rifahın möhkəmləndirilməsi istiqamətində yaranmış tarixi imkan fonunda Azərbaycan bölgədə iqtisadi münasibətlərin inkişafına və əməkdaşlığın bütün region ölkələri və xalqlarının mənafeyi naminə daha da genişləndirilməsinə dəstəyini davam etdirəcək.
Ermənistan Xarici İşlər Nazirliyi isə Türkiyənin Ermənistanla ikitərəfli ticarətə qoyduğu məhdudiyyətlərin aradan qaldırılması barədə açıqlama verib. Teleqraf-ın xəbərinə görə, açıqlamada Ankaranın qərarının Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. “Türkiyənin Ermənistanla ikitərəfli ticarətə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını alqışlayırıq, bu, ikitərəfli münasibətlərin normallaşdırılması prosesinin daha bir nəticəsidir. Bu qərar iki ölkə arasında ticarət və işgüzar əlaqələrin genişləndirilməsi, regionda iqtisadi əlaqələrin təşviq edilməsi, sülh və rifahın təmin edilməsi baxımından vacibdir. Bu, iki ölkə arasında tam və normal münasibətlərin inkişafı istiqamətində atılan mühüm addımdır və məntiqi olaraq bu, Ermənistan-Türkiyə sərhədlərinin açılması və diplomatik münasibətlərin qurulması yolu ilə davam edə bilər”, - XİN qeyd edib.
Bütün bu gedişat Türkiyə - Ermənistan sərhədlərinin açılmasına başlanılmasının anonsu sayıla bilərmi? Bundan əvvəl Fransa prezidenti Makronun İrəvan səfəri zamanı sərhədi “açmaq” təşəbbüsü göstərmişdi. Onun bu, yersiz cəhdinə Ankara Bakı ilə məsləhətləşmələrdən sonra imkan verməmişdi. Zəngəzur dəhlizində “daş daş üstə” qoyulmadan və Ermənistanda konstitusiya islahatları aparılmadan, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoyulmadan Ankara sərhədləri aça bilərmi?
![]()
Deputat Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında bildirdi ki, Azərbaycanın regional siyasət konsepsiyası uzun illərdir ki, iki əsas prinsip - təhlükəsizlik və kommunikasiyaların qarşılıqlı fayda əsasında açılması üzərində qurulub: “Bu baxımdan, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi heç vaxt Bakıdan ayrı və ya Bakının maraqlarına zidd paralel xətt kimi nəzərdən keçirilməyib. Əksinə, Ankara dəfələrlə vurğulayıb ki, Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycan-Ermənistan sülh prosesi ilə koordinasiyalı şəkildə aparılır. Türkiyə XİN sözçüsü Öncü Keçelinin son açıqlaması da məhz bu koordinasiyanın növbəti mərhələsini nümayiş etdirir”. Milli Məclis üzvü qeyd etdi ki, burada diqqət çəkən əsas məqam birbaşa sərhədlərin tam açılması deyil, ilk növbədə ticarət-logistika mexanizmlərinin texniki baxımdan hazırlanmasıdır: ““Üçüncü ölkə üzərindən” göndərilən malların son təyinat nöqtəsinin “Azərbaycan/Ermənistan” kimi göstərilməsinə imkan yaradılması, əslində, regionda iqtisadi əlaqələrin mərhələli şəkildə leqallaşdırılması və gələcək kommunikasiya xəritəsinin hazırlanması deməkdir. Bu yanaşma Bakı üçün də strateji əhəmiyyət daşıyır. Çünki Azərbaycan postmünaqişə dövründə Cənubi Qafqazın qapalı deyil, inteqrasiya olunmuş iqtisadi məkan kimi formalaşmasını təşviq edir. Lakin burada mühüm bir fərq var. Azərbaycan kommunikasiyaların açılmasını siyasi revanşizm və hüquqi ziddiyyətlərlə paralel proses kimi qəbul etmir. Rəsmi Bakı dəfələrlə bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı dolayısı ilə ərazi iddiaları qalarkən və Müstəqillik Bəyannaməsinə istinad edən hüquqi baza dəyişməyərkən tamhüquqlu sülh müqaviləsinin imzalanması çətin görünür. Eyni yanaşma Türkiyə üçün də keçərlidir. Çünki Ermənistanın hüquqi-siyasi yanaşmalarında yalnız Azərbaycana deyil, dolayısı ilə Türkiyəyə qarşı da tarixi-siyasi ərazi iddiaların elementləri qalmaqdadır. Bu səbəbdən, Makron administrasiyasının sərhədlərin “şərtsiz açılması” istiqamətində yaratmağa çalışdığı təzyiq mexanizmləri Ankara tərəfindən Bakı ilə məsləhətləşmələrdən sonra tamamilə əsaslı olaraq rədd edildi və Fransanın bölgədəki fəallığı əsasən Ermənistanı geosiyasi dayağa çevirmək cəhdləri kimi qiymətləndirildi”.
Bəs “Zəngəzur dəhlizi” reallaşmadan və Ermənistanda konstitusiya dəyişiklikləri aparılmadan Türkiyə sərhədləri tam aça bilərmi?
E.Mirzəbəyli: “Texniki baxımdan, bəli, belə bir ehtimal var. Amma siyasi reallıq fərqlidir. Türkiyə-Azərbaycan münasibətləri artıq klassik müttəfiqlik çərçivəsini aşaraq vahid geosiyasi təhlükəsizlik arxitekturasına çevrilib. Şuşa Bəyannaməsindən sonra formalaşan strateji modeldə regional qərarlar böyük ölçüdə koordinasiyalı şəkildə qəbul olunur. Bu səbəbdən, bəzi diplomatların səylərinə baxmayaraq, Ankaranın sərhədləri “tam və şərtsiz” açması hazırkı mərhələdə real görünmür. Daha mümkün ssenari mərhələli normallaşmadır. Yəni əvvəlcə məhdud iqtisadi və tranzit əlaqələr formalaşır, sonra regional kommunikasiyalar işə salınır. Buna paralel olaraq Ermənistanın hüquqi-siyasi bazasında dəyişikliklərin aparılır və tam normallaşma üçün zəmin yaranır”.
Deputat qeyd etdi ki, Azərbaycanın mövqeyi də məhz buna əsaslanır: “Sülh yalnız sərhədlərin açılması deyil, həm də siyasi niyyətlərin dəyişməsi ilə mümkündür. Bakı üçün əsas məsələ Ermənistanın regionda yeni status-kvonu qəbul edib-etməməsidir. Əgər İrəvan kommunikasiyaları geosiyasi manipulyasiya aləti deyil, qarşılıqlı əməkdaşlıq platforması kimi qəbul etsə, onda həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan münasibətlərində daha sürətli normallaşma mümkündür. Əks halda, yalnız iqtisadi jestlərlə dərin siyasi etimad yaratmaq çətin olacaq”.
Elşad Paşasoy,
Musavat.com






