Naxçıvana quru yolla keçidin reallaşmasına lap az qaldı - Azərbaycan özünə aid hissəni tamamlayır
Zəngəzur dəhlizinin açılması istiqamətində işlər çox sürətlə aparılır. Noyabrın 6-da Prezident Administrasiyası tərəfindən Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Zəngilana təşkil olunan mediaturda bu prosesin şahidi olduq.
Əvvəlcə Həkəri dəmiryol stansiyasına baş çəkdik. Bu stansiya Horadiz-Ağbənd dəmiryol xəttinin 67-ci kilometrində yerləşir və Zəngəzur dəhlizini əhatə edən 9 əsas stansiyadan biri hesab olunur.
“Yeni Müsavat” xəbər verir ki, hazırda stansiya ərazisində yolun üst quruluşu üzrə işlər tamamlanmaq üzrədir. Tikintinin yekunlaşması ilə bölgədə yük və sərnişin daşımalarında yeni mərhələnin başlanacağı gözlənilir.
Hazırda işçi qatarlarının hərəkəti yalnız bu stansiyaya qədər təmin olunur, növbəti hissələrdə isə yolun tam istismara verilməsi üçün son hazırlıqlar davam etdirilir.
Heç şübhəsiz ki, Zəngəzur dəhlizinin əsas mühüm hissələrindən biri Azərbaycan tərəfində həyata keçirilən layihələrdir. Hazırda Azərbaycanın cənub-qərb sərhədində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu və Horadiz-Ağbənd dəmir yolu icra olunur.
“Hazırda dayandığımız layihə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu birinci texniki dərəcələrə uyğun olaraq inşa edilir”.
Bunu Zəngilan rayonunun Ağbənd qəsəbəsinə mediatur zamanı jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov deyib.
O bildirib ki, yolun ümumi uzunluğu 123,6 kilometrdir: “Bu yolun 78,5 kilometrlik hissəsi 6 hərəkət zolağından ibarətdir. 45,1 kilometrlik hissəsi isə 4 hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 14 və 21 metr, torpaq yatağının eni isə 21,5 və 29 metr təşkil edir. Avtomobil yolu üzərində 8 ədəd qovşaq inşa edilib. 44 ədəd alt, 5 ədəd üst keçid, 314 ədəd müxtəlif diametrli qurğu inşa edilib. Tunellərin ümumi uzunluğu 12 kilometr təşkil edir. 3 tunel var. Bununla yanaşı layihə üzrə 24 körpünün tikintisi nəzərdə tutulub. Bu körpülərdən 23-nün tikinti işləri tamamlanıb. Bir körpüdə isə işlər davam edir”.
“Avtomobil yolunun gələcəkdə ödənişli olması nəzərdə tutulur. Bu yola alternativ olaraq Horadiz-Cəbrayıl-Zəngilan yolu çəkilərək istismara verilib. Gələn ilin ikinci yarısında tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır”, - deyə o bildirib.
“Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisinin birinci mərhələsi Horadiz-Yuxarı Mərcanlı-Şükürbəyli-Soltanlı mənzillərini əhatə edir”.
Bu fikirləri də Zəngilan rayonunun Ağbənd qəsəbəsinə mediatur zamanı jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Tikinti Layihələrinin İdarə Olunması Departamentinin tikinti meneceri Cavad Əlövsətov deyib.
O bildirib ki, bu mərhələ üzrə işlərin böyük hissəsi tamamlanıb və hazırda dəmir yolu vasitəsilə Araz İqtisadi Sənaye Parkına yük daşınması həyata keçirilir: “İkinci mərhələ Soltanlı-Qumlaq-Həkəri-Minçivan stansiyalarını əhatə edir. Bu mərhələ üzrə torpaq işləri və mühəndis qurğularının tikintisi davam etdirilir. Yolun relyefi və ərazinin hidrogeoloji xüsusiyyətləri nəzərə alınaraq, burada müxtəlif tipli körpülər və mühafizə edici bərkidici qurğular inşa olunub. Məhz bu mərhələdə Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilib. Körpünün ümumi uzunluğu 771 metr, 23 aşırımlıdır”.
C.Əlövsətov üçüncü mərhələ üzrə də işlərin aktiv şəkildə davam etdirildiyini qeyd edib. Torpaq işləri və mühəndis qurğuları, o cümlədən 3 ədəd tunel və 1 ədəd qalereyanın tikintisi aparılır. Tunellərdə tikinti və istiqlas işlərinin 71%-i artıq tamamlanıb. Dəmir yolu xəttinin 99-cu kilometrində yerləşən qalereya sahəsində ərazi dik və qaya süxurlarından ibarət olduğuna görə, süxur qopmalarının dəmir yolu xəttinə düşmə riski mövcuddur. Bu səbəbdən, məhz bu hissədə qalereya inşa edilib. Qalereyanın uzunluğu 108 metr, konstruksiyası isə monolit dəmir-betondan ibarətdir".
C.Əlövsətov bildirib ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin ümumi uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr təşkil edir: “Hazırda 66 km uzunluğunda yolüstü konstruksiyaların quraşdırılması başa çatdırılıb. Ümumilikdə layihə üzrə fiziki işlərin icra səviyyəsi 68% təşkil edir”.
“Layihənin yekun tamamlanma tarixi bir sıra texniki və təşkilati amillərdən asılıdır. Bu səbəbdən dəqiq tarix müəyyən edilməyib”, - deyə o əlavə edib.
Məlumat üçün bildirək ki, Horadiz-Ağbənd dəmir və avtomobil yolları təkcə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi canlanması üçün deyil, bütövlükdə Azərbaycanın Zəngəzur dəhlizi konsepsiyasının reallaşması üçün əsas infrastruktur dayaqlarıdır: “Bu layihələr Azərbaycanın Naxçıvanla quru əlaqəsini təmin etməklə yanaşı, Türkiyəyə və oradan Avropaya yeni nəqliyyat marşrutu açır. Layihələrin tam başa çatmasından sonra Orta Dəhliz vasitəsilə illik 15 milyon ton əlavə yük daşınması mümkün olacaq. Bu, Azərbaycanın tranzit gəlirlərini artırmaqla yanaşı, ölkəni regionun əsas logistika qovşaqlarından birinə çevirəcək.
Son illər Cənubi Qafqazda geoiqtisadi mənzərə dəyişməkdədir. Azərbaycan bu prosesdə əsas təşəbbüskar kimi çıxış edir. Zəngəzur dəhlizi - yaxud beynəlxalq səviyyədə təqdim olunan adı ilə TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) artıq siyasi ideyadan real iqtisadi reallığa çevrilib.
Dəhlizin hüquqi təməli 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndində qoyulub. Daha sonra ABŞ vasitəçiliyi ilə aparılan danışıqlarda layihə beynəlxalq konsorsium modelinə daxil edilib. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın öz ərazisində gördüyü işlər 2026-cı ilin ortalarına qədər tamamlanacaq, əgər digər ölkələrdə də proses eyni sürətlə davam etsə, dəhliz 2028-ci ilin sonuna qədər tam açılacaq.
Azərbaycan paralel olaraq Araz koridoru adlanan alternativ marşrutu - Ağbənd-Kelalə körpüsünü də inşa edir. Bu körpü 2025-ci ilin sonuna qədər istifadəyə veriləcək və Bakı-Naxçıvan bağlantısını sığortalayan əlavə yol kimi çıxış edəcək.
Ərazidə aparılan işlər, icra olunan layihələr belə qənaətə gəlməyə imkan verir ki, Zəngəzur dəhlizi artıq kağız üzərində deyil - torpaq, beton və poladla qurulan reallıqdır. Relslər, körpülər, tunellər və magistrallar Azərbaycanın gələcək iqtisadi xəritəsini cızır. Bu layihə tam başa çatdıqdan sonra ölkə nəinki regionda, bütövlükdə Avrasiya nəqliyyat sistemində strateji tranzit mərkəzinə çevriləcək.
Bölgə həm dəmiryolu, həm də avtomobil yollarının bağlantısı baxımından hab rolunu oynayacaq. Azərbaycan bu gün Zəngəzur dəhlizinin açılması üçün üzərinə düşən vəzifələri dəqiqliklə icra edir. Burada söhbət həm də ondan gedir ki, ölkəmiz öz imzasına və vədinə sadiqdir. 2020-ci ilin 10 noyabr bəyanatı ilə bağlayan proses bu gün tam gücü ilə davam edir. Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Bu reallığın əsas komponentlərindən biri isə Zəngəzur dəhlizinin və digər marşrutların açılmasıdır.
Qalib Azərbaycan bütün ambisiyalarını bir kənara qoyaraq, bu gün bölgənin inkişafı, Cənubi Qafqazın çiçəklənməsi üçün Ermənistana əl uzadır, üzərinə düşənləri dəqiqliklə icra edir. Horadiz-Ağbənd xəttində aparılan işlər, icra infrastruktur layihələri Zəngəzur dəhlizinin Azərbaycan hissəsinə düşən hissəsinin tez bir zamanda hazır olacağını göstərir.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Fotolar müəllifindir






