Tarif Şurasının son qərarı ilə 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi yenidən tənzimlənib. Qərara əsasən, dərmanların topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi təsdiqlənib və yeni qiymətlər müəyyən edilmiş tarixlərdə qüvvəyə minəcək. Bəs bu dəyişikliklər apteklərdə və alıcıların büdcəsində necə əks olunur?
Musavat.com əməkdaşı olaraq paytaxt apteklərindən birində apardığımız müşahidələr göstərir ki, qiymət dəyişiklikləri daha çox bəzi qida əlavələri və tibbi məhsullarda hiss olunur. Satıcının sözlərinə görə, ən çox istifadə olunan dərman preparatlarının əksəriyyətində isə ciddi dəyişiklik yoxdur.
"Misal üçün, “Strepfiabiomed” preparatı 21 manat 10 qəpikdən 22 manat 50 qəpiyə qalxıb. Artım çox deyil, amma alıcılar üçün bu fərq özünü qabarıq göstərir. Bəzən aşağı imkanlı şəxslər buna görə bizimlə mübahisə edirlər”. Satıcı fikrini davam etdirirək qeyd edib ki, uşaq bezlərinin qiyməti də tez-tez dəyişir. Amma təzyiq xəstələrinin istifadə etdiyi dərmanlarda ciddi dəyişiklik yoxdur. Bundan əlavə, “Linex” probiotiki əvvəl necə idisə, indi də 11 manat 62 qəpikdir. “Quttalaks” isə bir neçə ay əvvəl bahalaşmışdı, qiyməti 7 manatdır".
Apteklərdə diqqət çəkən məqamlardan biri də bəzi məhsulların üzərində qiymət etiketlərinin olmamasıdır. Satıcı bunu qiymətlərin tez-tez dəyişməsi ilə izah edir.

"Qiymətlər o qədər tez-tez dəyişir ki, məhsulların hamısının üzərində etiketi yeniləmək çətin olur. Alıcı gəlir, məhsulun üzərində bir qiymət görür, kassada başqa qiymət çıxır. Sonra da narazılıq yaranır. Elə bilirlər qiyməti biz özümüz artırırıq. Halbuki qiymətlər bizdən asılı deyil".
Alıcılar arasında isə fərqli fikirlər var. Bəziləri əsas istifadə etdikləri dərmanların qiymətində ciddi dəyişiklik hiss etmədiklərini desələr də, daimi müalicə alan şəxslər qiymətlərin onlar üçün həssas məsələ olduğunu bildirirlər: "Mən Alzheimer xəstəsiyəm. “Demantin” dərmanını mütəmadi alıram. Qiyməti 70 manatdır, çox bahadır, hər dəfə almaq asan olmur".
Satıcı isə əlavə edir ki, həmin preparat hazırda 70 manat 75 qəpiyə satılır.
Digər alıcılar da söhbətə qoşulur: “Əsas da uzunmüddətli müalicəyə ehtiyacı olan xəstələrin istifadə etdiyi dərmanlar daha ucuz olmalıdır. Pensiyam azdır, dərmanalara pulum çatmır, nəzərə alınsın heç olmasa. Təzyiq xəstələri var, onkoloji xəstələr var. Elə insanlar var ki, hər ay bir neçə dərman almağa məcburdurlar. Maaşı, pensiyası az olan adam üçün bu xərcləri qarşılamaq asan deyil. Belə dərmanların qiymətləri mümkün qədər münasib olsa, daha yaxşı olar".
Bununla yanaşı, bəzi vətəndaşlar son dəyişikliklərin onların gündəlik aldıqları dərmanlara ciddi təsir etmədiyini və qiymətlərin əvvəlki səviyyədə qaldığını bildirdilər.
Tarif Şurasının qərarı ilə 184 dərman vasitəsinin qiyməti yenidən tənzimlənsə də, apteklərdə müşahidələr göstərir ki, əsas istifadə olunan bir sıra preparatlarda ciddi dəyişiklik yoxdur. Bununla belə, daimi müalicə alan və məhdud gəlirlə yaşayan vətəndaşlar üçün dərman qiymətləri aktual mövzulardan biri olaraq qalır.
Afaq Mirayiq,
Fotolar müəllifindir
Musavat.com






