İnsanlara hürriyət, millətlərə istiqlal!

21-ci əsrin xaçlıları – onlar dünya üzərinə yürüşə çıxıblar, xərac istəyirlər

1687 11.01.2026 11:45 Analitika A A

Bu fotoda əks edilmiş adamların üçü də eyni komandada, ABŞ administrasiyasında təmsil olunur.

Prezident Donald Trampı hamı tanıyır – dünyanın ən məşhur adamıdır, hər gün, hər saat yeni bir açıqlaması yayılır, 200 dövlətin bütün telekanalları gündə yeddi dəfə onu göstərir.

Dövlət katibi Mark Rubio da çox adama tanışdır. O, şefinin dilmancı, suflyorudur, Trampın iradəsini həyata keçirir, eynilə onun kimi düşünməyə çalışır.

Üçüncü şəxsi – qadını başqa ölkələrdə çox adam tanımaya bilər, amma o da Amerikada məşhurdur. O, Ağ Evin mətbuat katibi Kerolayn Levittdir. Trampın dediklərini dünyaya o çatdırır – bir az da sərt dillə.

Fikir verirsinizsə, bu şəxslərdən birinin əlində, birinin alnında, birinin isə boynunda xaç var.

Onlar üçü də dini etiqad etibarilə xristiandır. Ancaq bu, adi xristianlıq deyil, bundan əvvəlki ABŞ prezidentləri və onun tabeliyində olanlar dini mənsubiyyətlərinə xüsusi vurğu etmirdilər. Bunlar isə edirlər.

Bunlar müasir dövrün xaçlılarıdır, xristian kimliyini digər dini konfessiyaların fövqündə görürlər.

Bu şəxslərin üçü də aqressiv ritorikaya malikdir. Onlar başqa dövlətlərə qarşı iddialar irəli sürməkdən, onları hədələməkdən çəkinmirlər. Düşündükləri dillərindədir.

xaclilar.JPG (44 KB)

Müasir xaçlıların hədəfi heç də qədim səlibçilərinki kimi müsəlman ölkələri deyil. Onlar dini mənsubiyyətlərindən asılı olmayaraq bir çox dövlətlərə qarşı hücumdadırlar.

Onlar İran, Türkiyə, Pakistan, Liviya, Suriya kimi müsəlman ölkələrinə necə üz turşudurlarsa, Çin, Şimali Koreya, Kuba kimi rəsmi dini olmayan ölkələrə də elə yanaşırlar, yeri gələndə Hindistan, Nepal kimi buddist ölkələrə barmaq silkələyə bilirlərsə, Kanada, Danimarka, Venesueala, Kolumbiya kimi din qardaşlarına da yumruq göstərirlər.

Hətta bu günlərdə bir tarixi ilk yaşanıb: Konqres üzvü Anna Paulina Luna bildirib ki. X sosial şəbəkəsini qadağan etmək qərarına gələrsə,  ABŞ Böyük Britaniyaya və onu baş naziri Kir Starmerə sanksiya tətbiq edə bilər. Halbuki Birləşmiş Krallıq ABŞ-nin ən yaxın müttəfiqi, anqlo-saks qardaşıdır və iki əsrdir aralarından su keçmir.

Bu şəxslərin əsas məqsədi dinlərini yaymaq, “kafirləri Allah yoluna gətirmək” deyil, dünyanın ağası, baş dövləti olmaq, Yer üzünün və bütün zamanların ən böyük, ən qüdrətli, ən varlı imperiyasını qurmaq, hamını Vaşinqtondan idarə etməkdir.

“Biz supergücük və öz gücümüzə uyğun davranacağıq” ifadəsi onlara məxsusdur və və ifadənin bütün dillərə tərcüməsi vahiddir: “Güclüyə tabe olmalısınız”.

Bunlar onsuz da azı bir əsrdir dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatlarını daha da böyütmək üçün çalışırlar. Bundan böyük ABŞ-nin nə olacağını təxmin etmək çətin deyil. Bədheybət olacaq, dinozavra oxşayacaq, əjdahaya çevriləcək.

Ancaq məşhur ifadə elə desək, “dünya beşdən böyük” olduğu kimi, birdən də böyükdür və bu imperialist siyasətin, hamıdan xərac almaq, bütün dövlətləri vassala çevirmək niyyətinin sonda fiaskoya uğrayacağı da şübhəsizdir.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR