İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya mediası Paşinyanı hədəfə aldı

267 22.07.2026 14:42 Dünya A A

Ermənistanda pomidor və xiyar istehsalçılarının, eləcə də balıqçılıq təsərrüfatı sahiblərinin etirazları Rusiya mediasında geniş müzakirəyə səbəb olub. Rusiya nəşrləri baş verənləri Nikol Paşinyan hökumətinin Avropaya yaxınlaşma siyasətinin iqtisadi nəticəsi kimi təqdim etməyə çalışırlar.

Musavat.com xəbər verir ki, “İzvestiya” Ermənistanda fermerlərin məhsullarını ixrac edə bilmədiklərinə görə etiraz aksiyalarına başladığını yazıb.

Pomidor və xiyar istehsalçıları İran istiqamətində gedən beynəlxalq avtomobil yolunu bağlayıblar. Balıqçılıq təsərrüfatlarının nümayəndələri isə hökumət binası qarşısında toplaşıblar. Fermerlər bildirirlər ki, hökumətin əvvəlki vədlərinə baxmayaraq, Avropa bazarına çıxış onlar üçün hələ də ciddi problem olaraq qalır.

Rusiya nəşri məsələni Moskva-İrəvan münasibətlərinin pisləşməsi ilə əlaqələndirib. “İzvestiya”nın məlumatına görə, bu ilin yanvar-may aylarında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrüylə müqayisədə 21,5 faiz azalıb. Yay aylarının nəticələrinə görə azalmanın daha da dərinləşə biləcəyi bildirilir.

Bu fonda İrəvanda Avropanın Rusiya bazarına alternativ ola biləcəyi barədə fikirlər səsləndirilir. Nikol Paşinyan iyunda Ermənistanın kənd təsərrüfatı məhsullarının Avropa İttifaqına gömrük rüsumu ödənilmədən ixrac edilə biləcəyini bildirmişdi.

Rusiyalı şərhçi Yuri Podolyaka isə Paşinyanın seçkiqabağı fermerlərin bütün məhsullarını şəxsən almağa hazır olduğunu söylədiyini xatırladaraq Ermənistan baş nazirini istehza ilə tənqid edib.

“Gözlənildiyi kimi, çoxdanışan Nikolun bütün bu “pomidorları” göndərəcəyini vəd etdiyi Avropa bazarları da onları qəbul etməkdən imtina etdi”, - deyə Podolyaka bildirib.

Rusiya mediası Ermənistanın iqtisadi problemlərini ölkənin xarici siyasət kursu ilə də əlaqələndirir. Bildirilir ki, Paşinyan 7 iyun seçkilərindən sonra Moskva ilə münasibətlərin şəxsi əlaqələri vasitəsilə qaydaya salınacağını vəd etsə də, mübahisəli məsələlərin sürətlə həll olunacağı barədə açıqlamalar hələ nəzərəçarpacaq nəticə verməyib.

“Vzqlyad” qəzeti isə daha da irəli gedərək fermerlərin və balıqçılıq təsərrüfatı sahiblərinin etirazlarını birbaşa Paşinyanın Avropa kursunun nəticəsi adlandırıb. Nəşr Ermənistan hakimiyyətini istehsalçıları Avropa İttifaqı bazarına sərbəst çıxış vədləri ilə aldatmaqda ittiham edir.

Rusiya mediasının irəli sürdüyü əsas tezis bundan ibarətdir ki, əvvəllər Rusiya bazarına göndərilən Ermənistan kənd təsərrüfatı məhsullarına Avropada eyni həcmdə bazar tapmaq mümkün olmayıb.

Beləliklə, Ermənistandakı fermer etirazları Moskva mediasının Paşinyanın Qərbə yaxınlaşma siyasətinə qarşı növbəti informasiya hücumunun mövzusuna çevrilib. Rusiya nəşrlərinin mesajı isə kifayət qədər açıqdır: İrəvan Moskva bazarından uzaqlaşdıqca bunun iqtisadi hesabını ödəməli olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR