11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatı futbol tarixinin ən böyük mundialı olacaq. İlk dəfə olaraq turnirdə 48 komanda və 1248 futbolçu iştirak edəcək. Şübhəsiz ki, çempionatda iştirak edəcək fubtolçuların kimliyi, yaşları azarkeşlər üçün çox maraqlıdır. Bu dünya çempionatının ən yaşlı iştirakçısı Şotlandiya millisinin qapıçısı Kreyq Qordondur. Onun 43 yaşı var. Qapıçı mövqeyində çıxış edir. Bir sözlə o, bu yaşda mundiala yollanaraq rekordçular sırasına düşüb və bir çox gənc futbolçunun atası yaşındadır. Turnirin ən gənc futbolçusu isə 17 yaşlı Gilberto Moradır. O, Meksikanın yarımmüdafiəçidir. 2026-cı il mundialı iki futbol əfsanəsi üçün də tarixi olacaq.

Onlardan biri Argentinanın futbolçusu Lionel Messidir. O, 2006, 2010, 2014, 2018, 2022-ci illərdəki yarışların hər birində iştirakçı olub. 2026-cı il turniri ilə yenisini əlavə edəcək. Messi həm də 2022-ci ilin dünya çempionudur və 39 yaşındadır. Portuqaliyanın futbolçusu Kriştiano Ronaldo isə 2006, 2010, 2014, 2018, 2022-ci il çempionatlarında iştirak edib. O, indiyə qədər dünya kubokunu qazana bilməyib, 41 yaşında mundiala qatılır. Onu da deyək ki, Messi və Ronaldo tarixdə altı dəfə dünya çempionatında iştirak edən ilk oyunçular sırasına daxil olacaqlar.
Turnirin əsas superulduzlarındən dördü “Real Madrid”in oyunçuları olacaq: bunlardan biri Kilian Mbappedir. Fransanın kapitanı və hazırda dünyanın ən güclü hücumçularından biri sayılır. Bir çox ekspert onu "Qızıl top"un əsas namizədi hesab edir. Vinisius Junior isə Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliyanın əsas silahıdır. Braziliya hücumunun lideri kimi mundiala gəlir. Cud Bellinqem İngiltərənin yeni lideri hesab olunur.
Bir çox mütəxəssis onu gələcək dünya futbolunun simalarından biri sayır. Arda Gülər isə türk dünyasının dörd gözlə baxacağı futbolçu olacaq. 21 yaşlı gənc ulduz Türkiyə millisinin əsas silahlarından biri sayılır. Erlinq Haaland ilk dəfə dünya çempionatında iştirak edir. Norveçin illər sonra mundiala qayıdışının əsas səbəbkarlarından biridir. Lamin Yamal da 18 yaşına çatmamış dünyanın ən məşhur futbolçularından birinə çevrilib. İspaniyanın əsas ümidlərindən biridir. Braziliya yığmasının ulduzu Neymara gəlincə, zədələrdən sonra yenidən mundial səhnəsinə qayıdıb. Bu turnir onun son DÇ ola bilər. Turnirin sürpriz ulduzları da var. Bunlar Gilberto Mora (Meksika), Kendri Paes (Ekvador), Rayan (Braziliya), Bara Sapoko Ndiaye (Seneqal) və Lukas Herrinqtondur, (Avstraliya).
2026 Messi, Ronaldo, Neymar, Modriç kimi ulduzların böyük ehtimalla son mundialı olacaq. Eyni zamanda Mbappe, Bellinqem, Yamal, Vinisius və Haaland kimi yeni nəslin futbolun tam hakimiyyətini ələ aldığı turnir kimi tarixə düşə bilər. Bu səbəbdən ABŞ-Meksika-Kanada mundialı təkcə dünya çempionunu müəyyən etməyəcək, həm də futbolun "Messi-Ronaldo erası"ndan "Mbappe-Yamal-Haaland erası"na keçidinin simvoluna çevriləcək.
Cavanşir Abbaslı
Musavat.com






