Almaniya kansleri Fridrix Merzin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı haqda xəbər verilib.
Tərəflər Ukrayna və Yaxın Şərqdəki vəziyyəti, eləcə də Ermənistanla Azərbaycan arasındakı sülh prosesini müzakirə ediblər. “Almaniya kansleri Ermənistanla Azərbaycan arasında sülh prosesində əlavə addımlar atılmasına çağırış edib və bunun regional sabitlik üçün əhəmiyyətini vurğulayıb. Bu baxımdan rəsmilər həm ikitərəfli münasibətləri, həm də Ermənistanın AB ilə əlaqələrini genişləndirmək imkanlarını qeyd ediblər”, - Almaniya Nazirlər Kabinetinin sözçüsü Ştefan Kornelius deyib.
Belə bir çağırışın Prezident İlham Əliyevin Almaniya səfərindən dərhal sonra edilməsi diqqət çəkir. Kansler “sülh prosesində əlavə addımlar” deyərkən şübhə yox ki, Bakının sülh müqaviləsi ilə bağlı sonuncu tələbinə - Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı istinadən çıxarılması zəruriliyinə işarə edir. Niyə məhz Əliyevin səfərindən sonra? İrəvan çağırışı nə dərəcədə ciddiyə alacaq?

Deputat Elşad Musayevin sözlərinə görə, Ermənistanın baş nazirinə olan zəng təsadüfi deyil: “Cənab İlham Əliyevlə Almaniya kanslerinin görüşündə sülh sazişinin imzalanmasının müzakirə edilməsi istisna deyil. Məhz bu danışıqlardan sonra Mertzin Paşinyana zəngi olub. Deməli, Almaniya və yaxud elə Avropa İttifaqı tələsir ki, tezliklə sülh sənədi imzalansın. Çünki bu, Qərbin regionda maraqları ilə bağlıdır. Avropa İttifaqı Rusiyanın Cənubi Qafqazda təsirlərinin tam sıfırlanması üçün ki ölkə arasında sülh sazişinin tezliklə imzalanmasını istəyir. Lakin İrəvan sonuncu “ev tapşırığı”nı yerinə yetirməyib. Əksinə, Paşinyan yaxınlarda bəyan etdi ki, yeni konstitusiya mətni ilin sonuna qədər dərc olunacaq. O deməkdir ki, referendum bu il keçirilməyə bilər. Amma ümidvarıq ki, ilin sonu dedikdə noyabr nəzərdə tutulur və dekabrda ümumxalq səsverməsi keçiriləcək”.

E.Musayev qeyd edib ki, kanslerin erməni hökumət başçısına zəngi bir siqnal olmalıdır: “Ermənistan hakimiyyəti anlamalıdır ki, Qərbdən artıq çağırışlar var. Kansler baş nazirdən “əlavə addımlar” atılmasını gözlədiklərini deyir. Yəni Qarabağla bağlı iddianın qanunvericilik sənədlərindən çıxarılmasını yada salır. Zənnimcə, bu proses çox uzun da çəkməyəcək. Hərçənd, Paşinyan ehtiyatlı hərəkət edir, tərəddüd içindədir. Bu da son seçkilərin nəticələrindən irəli gəlir. Ona görə də referendumda gözlənilən səs faizinin olmayacağı narahatlığı var. Amma Paşinyan təbliğat işini bilən siyasətçidir və referenduma qədər ictimai rəyi buna hazırlayacaq”.
Emil Salamoğlu
Musavat.com






