İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşudan niyə qoyun-quzu alırıq? – SƏBƏB

423 24.07.2026 12:05 İqtisadiyyat A A

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycana 1,3 milyon ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 2,5 dəfə çoxdur. Beləliklə, Azərbaycan Gürcüstandan qoyun tədarük edən ölkələr arasında 3-cü yerdə qərarlaşıb. Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrə 11,7 milyon ABŞ dolları dəyərində qoyun satıb ki, bu da bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur. Azərbaycan Monqolustan və başqa ölkələrdən də qoyun idxal edir. Amma Gürcüstanla idxal əməliyyatlarında artım var.
Qonşu ölkədən qoyun tədarükünün artmasına səbəb hansı amillərdir?

Azərbaycanda minimum maaş belə hesablana bilər - Yeni model gündəmdə -  Globalinfo.az

İqtisadçı Vüsalə Əhmədova Musavat.com-a bildirib ki, Gürcüstandan Azərbaycana diri qoyun idxalının artmasını tək bir amillə izah etmək doğru olmaz:

“Burada həm bazar konyunkturası, həm qiymət amili, həm də coğrafi yaxınlıq önəmli rol oynayır. Nəzərə almaq lazımdır ki, Azərbaycan bazarında qoyun ətinə tələbat yüksəkdir. Yerli istehsal isə ilin bütün dövrlərində bazarın ehtiyacını tam həcmdə və sabit qiymətlə təmin etmək iqtidarında deyil. Belə olan şəraitdə daxili bazarda təklifin artırılması və qiymətlərin kəskin bahalaşmasının qarşısının alınması üçün idxal vacib alətə çevrilir. Burada qiymət amili xüsusi əhəmiyyət kəsb edir. Əgər Gürcüstandan alınan diri qoyunun maya dəyəri, nəqliyyat və digər xərclər nəzərə alındıqda yerli bazar üçün daha rəqabətqabiliyyətlidirsə, idxalçı şirkətlər nədən bu istiqamətə üstünlük verməsinlər?! Bu, bazar iqtisadiyyatının təbii davranış modelidir. Eyni zamanda, uzaq bazarlardan məsələn, Monqolustan kimi, idxalla müqayisədə Gürcüstan iqtisadi baxımdan daha sərfəli alternativ yaradır. Məlumdur ki, diri heyvanların daşınmasında məsafə xərcləri və itki riski xüsusi əhəmiyyət kəsb edir. Gürcüstandan qısa müddətdə və nisbətən aşağı nəqliyyat xərcləri ilə tədarük həyata keçirmək mümkündür. Ümumiyyətlə düşünürəm ki, əgər qiymət və logistika üstünlükləri qorunub saxlanarsa, yaxın dövrdə Gürcüstan Azərbaycanın əsas diri qoyun tədarükçülərindən biri kimi mövqeyini daha da gücləndirə bilər”.

Ekspert həmçinin, vurğulayıb ki, statistik göstəricilər, təkcə Azərbaycanın idxal tələbinin artmadığını deməyə əsas verir:

“Gürcüstanın ümumi diri qoyun ixracı da üç dəfə yüksəlib. Bu isə həmin ölkədə ixrac potensialının artdığını, fermerlərin xarici bazarlara çıxış imkanlarının genişləndiyini və regional bazarlarda daha aktiv satış strategiyasının həyata keçirildiyini göstərir. Azərbaycan da bu prosesdə ən yaxın və ən likvid bazarlardan biri kimi ön plana çıxır. Bununla yanaşı, 2,5 dəfə artım göstəricisini qiymətləndirərkən müqayisə bazasının təsiri də nəzərə alınmalıdır. Əgər ötən ilin analoji dövründə idxal həcmi aşağı olubsa, cari ildəki artım faiz ifadəsində daha yüksək görünə bilər. Buna görə də dinamikanı yalnız iki ilin faiz göstəricisi ilə deyil, uzunmüddətli tendensiyalar fonunda təhlil etmək daha məqsədəuyğun olardı”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR