İnsanlara hürriyət, millətlərə istiqlal!

Sözün qüdrəti və mətbuatın mürəkkəb yolu: Sabir Rüstəmxanlı Rauf Arifoğlu haqqında - VİDEO

377 24.07.2026 11:43 Ölkə A A

Xalq şairi Sabir Rüstəmxanlı "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun 60 illik yubileyi ilə əlaqədar təsirli və dərin məzmunlu açıqlama ilə çıxış edib. Şair Rauf Arifoğlu ilə təqribən 40 illik tanışlığından, onun keçdiyi mənalı ömür yolundan, həmçinin Azərbaycan mətbuat tarixinin dönüş nöqtələrindən bəhs edib.

Sabir Rüstəmxanlı bildirib ki, Qorbaçov dövründəki aşkarlıq və yenidənqurma illərində Azərbaycanda cəmiyyət bir qədər ətalətdən gec çıxsa da, tək-tək cəsarətli qələm sahibləri öz fikirlərini vərəqələr şəklində yayırdılar. Həmin dövrdə ilk dəfə cəsarətlə gizli qəzet buraxanlardan birinin məhz "Müsavat" adı ilə Rauf Arifoğlu olduğunu xatırladan şair qeyd edib ki, o vaxtdan müxtəlif şəraitlərdə Azərbaycanın keçdiyi yolların mürəkkəbliyinə uyğun olaraq münasibətləri də mürəkkəb olub, bəzən yaxınlaşsalar da, bəzən uzaqlaşıblar. Şair vurğulayıb ki, istedadlı qələm adamı harada durmağından asılı olmayaraq dəyərlidir və əsas odur ki, millətə xidmət etsinlər, çünki qələmi haqq-ədalətə xidmət edən hər kəsə həmişə sayğı ilə yanaşıb. Yaranan müəyyən konflikt və ziqzaqlara baxmayaraq, Rauf Arifoğlunun qələminin həmişə işlədiyini və onun hər zaman millətini, vətənini düşünən bir insan olduğunu bildirib.

Rauf Arifoğlunun qələmə sədaqətini, sözünün kəsərini və hadisələri dəqiq qiymətləndirmək bacarığını xüsusi vurğulayan Sabir Rüstəmxanlı sözün əhəmiyyətindən danışaraq qeyd edib ki, söz bütün yaraların dərmanıdır və ədalətli, düzgün söz zaman keçdikcə gec-tez öz dəyərini, qiymətini alır. Yubilyarın 60 illik yubileyinə münasibət bildirən Xalq şairi bu yaşın əslində tam cavanlıq və gəncliyin müdriklik dövrü olduğunu, yazmaq və işləmək eşqinin güclü olduğu gözəl bir çağ olduğunu qeyd edib.

Jurnalistikanın dünyada ən çətin peşələrdən biri olduğunu qeyd edən şair cəmiyyətin mürəkkəbliyinə toxunub və bildirib ki, kütlənin ardınca sürünməyən, əksinə kütləyə yol göstərmək istəyən adam haqqı və ədaləti deməlidir. Mətbuatdakı müxtəlif ziddiyyətlərə baxmayaraq, Rauf bəyin jurnalistika mədəniyyətinin yüksək olduğunu vurğulayan şair ona sağlamlıq və yaradıcılıq uğurları arzulayıb.

Sonda Sabir Rüstəmxanlı "Yeni Müsavat"ın Azərbaycan mətbuat tarixində xüsusi bir dövr olduğunu qeyd edərək bildirib ki, bu media qrupunu və onun rəhbəri Rauf Arifoğlunun keçdiyi yolu nə qədər tənqid etsələr də, inkar etmək mümkün deyil və bu mərhələ hər zaman yaşayacaq. Şair yubilyara cansağlığı ilə bu yolda uzun illər davam etməyi arzulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR