Amerika Sülh İnstitutu (US Institute of Peace, USIP) Vaşinqtonda yeni ad alıb — bundan sonra qurum Donald Trampın adını daşıyacaq.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti “Twitter”də məlumat yayıb.
Verilən xəbərdə göstərilir ki, institut “ölkə tarixində ən böyük danışıqlar aparanı”nın şərəfinə yenidən adlandırılıb. Qurumun rəsmi adı Donald J. Trump Institute of Peace olaraq dəyişdirilib.
Dövlət Departamenti başqa bir açıqlamasında vurğulayıb ki, 2025-ci il, İkinci Dünya müharibəsindən bəri ABŞ xarici siyasətində ən radikal dəyişikliklərin yaşandığı dövr olub:
“8 ayda 8 müharibə bitirildi. ‘Amerika hər şeydən öndə’ siyasəti. Dünya səhnəsində hörmətin bərpası.”
CNN-in məlumatına görə, Trampın adının yazıldığı lövhə institutun Vaşinqtondakı qərargahına 4 dekabrda Ruanda və Konqo Demokratik Respublikası arasında imzalanacaq sülh sazişi ərəfəsində quraşdırılıb.
Sülh İnstitutu 1984-cü ildə prezident Ronald Reyqanın dövründə Konqres tərəfindən yaradılıb və konfliktlərin sülh yolu ilə həlli üzrə araşdırmalar və praktik fəaliyyətlə məşğul olub. CNN xatırladır ki, Tramp administrasiyası hakimiyyətdə olarkən USIP-in fəaliyyətini demək olar ki, tam dayandırmış və onu növbəti il üçün federal maliyyələşdirmədən məhrum etmişdi.
Musavat.com






